“Heydər Əliyev İli”nə həsr olunmuş stolüstü tennis turniri keçirilib

“Heydər Əliyev İli”nə həsr olunmuş stolüstü tennis turniri keçirilib

Aprelin 25-26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun idman arenasında “Heydər Əliyev İli”nə həsr olunmuş stolüstü tennis üzrə çempionat keçirilib. İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə keçirilən çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 18 komandadan 45-ə yaxın əməkdaş qüvvəsini sınayıb. Komandalar həm şəxsi, həm də komanda hesabında qüvvələrini sınayıblar.

Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qalib idmançıları təbrik edən FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev müstəqil Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O qeyd edib ki, Ulu Öndər digər sahələrdə olduğu kimi, ölkə idmanının inkişaf strategiyasını da müəyyənləşdirib və bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər nəticəsində qısa müddətdə böyük uğurlar qazanılıb.

Vurğulanıb ki, Ümummilli Liderin mütərəqqi siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilib, dünya idman arenalarında respublikamızı layiqincə təmsil edən idmançılar yetişib.

Sonra çempionatda uğur qazanmış komandalar və şəxsi birincilikdə fərqlənən idmançılar təltif olunublar. Zaur Mikayılovun baş hakimi olduğu çempionatda FHN Dövlət Yanğından Mühafizə Xidmətinin komandası bütün rəqiblərinə qalib gələrək birinci yerin sahibi olub. İkinci yerə FHN-in Şimal-qərb Regional Mərkəzinin, üçüncü yerə isə Mülki müdafiə qoşunlarının komandası layiq görülüb.

Şəxsi yarışlarda çempion adını Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Əli Bayramov qazanıb. İkinci yerə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı İlqar Cəfərov, üçüncü yerə isə Aviasiya dəstəsinin əməkdaşı Taleh Nəbiyev sahib olub.

Qaliblərə kubok, diplom, medallar və qiymətli hədiyyələr təqdim olunub.