Sabah “Baku Open 2023” beynəlxalq şahmat festivalına start veriləcək

Sabah “Baku Open 2023” beynəlxalq şahmat festivalına start veriləcək

Sabah Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şahmat üzrə “Baku Open 2023” beynəlxalq festivalına start veriləcək. “Baku Crystal Hall”da təşkil olunacaq yarışda ölkəmizi 15-dən çox zəka sahibi təmsil edəcək. Festivalda Rauf Məmmədov, Nicat Abasov, Eltac Səfərli, Misrətdin İsgəndərov, Aydın Süleymanlı, Namiq Quliyev, Məhəmməd Muradlı, Abdulla Qədimbəyli, Ülvi Sadıqov, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Read Səmədov, Orxan Abdulov, Ülviyyə Fətəliyeva, İsmayıl Şahəliyev, Vüqar Manafov, Gövhər Beydullayeva, Gülnar Məmmədova və digərləri mübarizə aparacaqlar.

İsveçrə sistemi üzrə keçiriləcək yarış 9 turdan ibarət olacaq. Yarışlar üç qrupda (A, B və C) üzrə keçiriləcək. Ümumilikdə festivalda iştirakla bağlı 23 ölkədən 607 şahmatçı qeydiyyatdan keçib. Onlar sırasında 44 beynəlxalq qrossmeyster, 44 beynəlxalq usta və 41 FIDE ustası var. Yarışın reytinq favoriti Hans Nimandır. ABŞ təmsilçisi 2708 FIDE reytinqinə sahibdir.

Yarışın ümumi mükafat fondu 55 min dollar təşkil edir. A qrupunun qalibi 12 min dolları və xüsusi hazırlanan kuboku qazanacaq. Festivalın C turnirində hər yaş qrupunda (U-8, U-10, U-12) qalib olacaq şahmatçılar Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam ediləcəklər.

Qeyd edək ki, Beynəlxalq Şahmat Festivalı günlərində eyni məkanda veteranlar arasında şahmat üzrə Azərbaycan çempionatı da təşkil olunacaq.