"Velosipedin tarixi" kitabının təqdimatı olub

"Velosipedin tarixi" kitabının təqdimatı olub

İyulun 28-də Azərbaycan Velosiped Federasiyasında (AVF) “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü, rejissor və aktyor, publisist, Əməkdar artist Bəhram Bağırzadənin müəllifi olduğu "Velosipedin tarixi" kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Əməkdar artist Bəhram Bağırzadə, velosiped idmanı üzrə milli yığma komandanın üzvləri, məşqçilər və AVF-nin kollektivi iştirak edib.

Federasiyanın prezidenti tədbir iştirakçılarını salamlayaraq, B.Bağırzadəni Velosiped Federasiyasında görməkdən məmnunluğunu bildirib. O, Əməkdar artistin uğurlarından söz açaraq, belə nümunəvi insanın “Velosipedin tarixi” kitabının müəllifi olmasının çox sevindirici olduğunu vurğulayıb.

B.Bağırzadə göstərilən diqqətə görə Mədət Quliyevə minnətdarlığını bildirib, idmançılarımıza və AVF-nin kollektivinə uğurlar arzulayıb. O, velosipedin insan sağlamlığında önəmindən danışıb.

Əməkdar artist 2020-ci ildə COVID-19 xəstəliyinə yoluxduğunu və xüsusi rejimli xəstəxanaya yerləşdirildiyini, bir müddət ağır vəziyyətdə olduğunu bildirib.

B.Bağırzadə müalicəsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəxsi nəzarətə götürüldüyünü, aparılan intensiv müalicə nəticəsində yenidən sağlamlığına qovuşduğunu vurğulayıb.

O, müalicəsi üçün göstərilən dəstək və səylərə görə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Əməkdar artist artıq sağlam olduğunu, bundan sonra ekoloji sağlam nəqliyyat vasitəsi olan velosipedə üstünlük verəcəyini qeyd edib.

AVF prezidenti M.Quliyev B.Bağırzadəyə Federasiyanın kollektivi adından velosiped və milli komandanın formasını hədiyyə edib. Əməkdar artist, həmçinin “Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə də təltif edilib.

Daha sonra B.Bağırzadə müəllifi olduğu “Velosipedin tarixi” kitabı haqqında geniş məlumat verib və imzalayaraq, görüş iştirakçılarına hədiyyə edib.

Sonda xatirə şəkli çəkdirilib.