Gimnastlarımızdan Avropa çempionatında rekord nəticə

Gimnastlarımızdan Avropa çempionatında rekord nəticə

Oktyabrın 18-dən 22-dək Bolqarıstanın Varna şəhərində akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatı keçirilib. 21 ölkədən 105 böyükyaşlı və 144 gənc gimnastın iştirak etdiyi budəfəki qitə çempionatı Azərbaycan üçün yüksək nəticə və rekord sayda qızıl medalla yadda qalıb. Akrobatika gimnastikası üzrə təmsilçilərimiz Avropa çempionatında 7 qızıl, 2 gümüş medala sahib çıxıblar.

Yarışda ölkəmizi böyüklər arasında Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Fərmanova, Aynur Yusufova, Lalə Hüseynovadan ibarət qadın qrupu, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü, gənclər arasında isə Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiridən ibarət qadın qrupu təmsil edib.
Dünya və Avropa çempionatının gümüş mükafatçıları olan Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz komandamızın aktivinə Avropa çempionatının 3 qızıl medalını (temp - 28.910 xal, balans -29.180 və çoxnövçülük-86.620 xal) yazdırmağı bacarıblar.
Qarışıq cütlüyümüz qızıl medala gedən yolda hər üç proqramın icrasında müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşan Ukrayna və Almaniya təmsilçilərini geridə qoyublar.
Dünya çempionatının ikiqat bürünc mükafatçıları, gənclər arasında Avropa çempionları olan Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz Varnada komanda yoldaşlarının uğurunu təkrarlayaraq, üç dəfə fəxri kürsünün birinci pilləsinə yüksəlməyi bacarıblar. Təmsilçilərimiz temp (27.510 xal), balans (28.230 xal) və çoxnövçülük (82.370 xal) proqramında bütün rəqiblərindən üstün olublar.
Kişi cütlüyümüz balans hərəkətlərində ikinci yerin sahibi İspaniya və bürünc medalçılar olan Böyük Britaniya təmsilçilərini, templə hərəkətlərin icrasında və çoxnövçülük proqramında isə ispaniyalı və portuqaliyalı rəqiblərini qabaqlayıblar.
Bu nəticə ilə təmsilçilərimiz Azərbaycan gimnastika tarixində ilk dəfə kişi cütlüyü kateqoriyasında böyüklər arasında Avropa çempionu titulunu qazanmağa nail olublar.
Gənclər arasında çıxış edən Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiri onlara bəslənilən ümidləri doğruldaraq, 1 qızıl, 2 gümüş medala sahib çıxıblar. Temp hərəkətlərində (27.440 xal) komandamıza ilk medalı, ikinciliyi qazandıran gimnastlarımız daha sonra bu uğuru çoxnövçülük proqramında (83.690 xal) təkararladılar. Balans hərəkətlərində gimnastlarımız 28.450 xalla Böyük Britaniya və Hollandiya təmsilçilərini geridə qoyaraq hamıdan üstün olmağı bacarıblar.
Yeni heyətlə qitə çempionatına yollanan böyüklərdən ibarət qadın qrupumuz isə mükafatçılar sırasına düşə bilməyib. Təmsilçilərimiz təsnifat mərhələsində balans hərəkətlərinin icrasında 25.360 xalla 10-cu, temp hərəkətləri (24.670 xal) və çoxnövçülükdə (72.370 xal) isə 11-ci nəticəni göstərib.