“Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə yekun vuruldu

“Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə yekun vuruldu

Oktyabrın 25-27-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə üzrə ənənəvi “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri keçirilib. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan reqatada 8 ölkə - Azərbaycan, Gürcüstan, Qazaxıstan, Litva, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 14 komanda mübarizə aparıb. Yarışda 2005-2010-cu illər təvəllüdlü 100-dən artıq idmançı iştirak edib. Federasiyanın bu yaş kateqoriyalarına üstünlük verməyinin əsas səbəbi seçim prosesi aparmaqla qarşıdakı illər üçün rəqabətədavamlı yığma komandanın formalaşdırılmasından ibarət olub. Azərbaycan komandası beynəlxalq reqatada ümumilikdə 20 (8 qızıl, 4 gümüş, 8 bürünc) medal qazanıb. Həmçinin komanda hesabında qazanılan medal nisbətinə görə Azərbaycan kayak və kanoe növündə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinin kubokuna sahib olub. Akademik avarçəkmədə Gürcüstan komandası kuboka yiyələnib.

Yarış başa çatdıqdan sonra qaliblər mükafatlandırılıb. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və digər rəsmi şəxslər təqdim ediblər.

Qeyd edək ki, “Mingəçevir Reqatası” ardıcıl iki ildir Avropa Kanoe Assosiasiyasının (ECA) təqvim planına daxil edilir.