“Kür” qələbə seriyasını davam etdirir

“Kür” qələbə seriyasını davam etdirir

Həndbol üzrə Azərbaycan çempionatında IV turun oyunlarına yekun vurulub. Turun son oyun günündə kişilərin yarışında iki, qadınların mübarizəsində isə bir oyun təşkil olunub.

Kişilərin çempionatında uğurlu oyunu ilə diqqət çəkən “Kür” komandası bu turda da qələbə seriyasını davam etdirib. Çempionatın lideri “Azəryol”u 32:25 hesabı ilə üstələyərək ardıcıl dördüncü qələbəsini qazanıb.

“Qarabağ”la “Bakı”nın mübarizəsində isə ikincilər üstün tərəf olublar. Kifayət qədər gərgin alınan qarşılaşmada rəqibinə 25:24 hesabı ilə qalib gələn “Bakı” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Qadınların mübarizəsində isə liderlər qrupunda yer alan “Kür” autsayder “Gənclər Birliyi”nə heç bir şans verməyib – 49:15.

Qeyd edək ki, qadınların liqasında turun əvvəlki oyunları dekabrın 2-də keçirilib. Həmin gün “Qarabağ” “İdman Akademiyası”nı (43:16), “Azəryol” isə “Bakı”nı (42:7) məğlub edib.