Azərbaycan Kubokuna yekun vuruldu 

Azərbaycan Kubokuna yekun vuruldu 

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna yekun vurulub. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin yüzə yaxın atleti qüvvəsini sınayıb.

Gərgin mübarizə şəraitində keçən yarışda qadınlar arasında Samirə Rzayeva (45 kq), Nazilə İsmayılova (49 kq), Selcan Qarayeva (55 kq), Dinara İbrahimli (59 kq), Fazilə İmanova (64 kq) və Rahilə Hüseynzadə (81 kq) qızıl medala layiq görülüblər.

Kişilərin mübarizəsində isə Dəniz Cabbarlı (55 kq), Elşən Məmmədov (61 kq), Tehran Məmmədov (67 kq), Paşa İbrahimli (73 kq), Füqan Əliyev (81 kq), Nurlan Məmmədzadə (89 kq), Yaşar Qurbanov (96 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (+109 kq) fəxrü kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycan Kubokunun ən yaxşı qadın və ən yaxşı kişi idmançısı, həmçinin komandalar arasında ən yaxşılar da müəyyənləşiblər. Ən yaxşı qadın idmançısı adınaNazilə İsmayılovalayiq görülüb. Kişilərdə isə bu ada Dadaş Dadaşbəyli sahib çıxıb. Onlar mütləq qalib elan ediliblər.

Komandaların yarışında Azərbaycan Kubokunun qalibi Qazax rayonu yığması olub. Lənkəran ikinci, Qobustan isə üçüncü yeri tutub.

Azərbaycan Kubokunun təşkilində məqsəd ağırlıqqaldırmanın bölgələrdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, perspektivli idmançıların aşkar edilməsi, müvafiq tələbləri yerinə yetirən idmançıların yığma komandalara seçilməsi, Paris-2024 Yay Olimpiya Oyunların təsnifat xarakteri daşıyan Avropa çempionatında iştirak edəcək heyətin müəyyən olunmasından ibarət olub.