Heydər Əliyev Kuboku çərçivəsində xizək yarışı keçirilib

Heydər Əliyev Kuboku çərçivəsində xizək yarışı keçirilib

Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Heydər Əliyev Kuboku çərçivəsində uşaqlar arasında 3 müxtəlif yaş kateqoriyasında həvəskar xizək yarışı keçirilib.

Azərbaycan Qış İdman Növbəri Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın keçirilməsində əsas məqsəd uşaqlar arasında qış idman növlərini təbliğ etmək, xizək idmanına marağı artırmaq və yerli idmançıların hazırlanmasına dəstək olmaqdan ibarət olub.

İdman tədbirində Azərbaycan, Rusiya, Qazaxıstan, Almaniya, ABŞ və Böyük Britaniyadan olan 70-ə yaxın həvəskar xizəkçi birincilik uğrunda mübarizə aparıb.

Yarışın sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif ediliblər. Qaliblərə həmçinin müxtəlif həvəsləndirici hədiyyələr də təqdim olunub.

Bundan əvvəl Heydər Əliyev Kuboku çərçivəsində keçirilən yarışda müxtəlif yaş kateqoriyasından olan böyüklər arasında həvəskar xizək və snoubord yarışı təşkil edilib.