Belarus və Qazaxıstan avarçəkənləri “Kür” də məşq edirlər

Belarus və Qazaxıstan avarçəkənləri “Kür” də məşq edirlər

Belarus və Qazaxıstan avarçəkənləri Mingəçevirdə təlim-məşq toplanışında iştirak edirlər. 

Bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, federasiya rəhbərliyi ölkə daxilində avarçəkmə idman növünü populyarlaşdırmaqla yanaşı, beynəlxalq və xarici federasiyalarla da əlaqələri möhkəmləndirir. Bunun nəticəsidir ki, bir çox yığma komanda qış hazırlığını yenidən “Kür“ Olimpiya Tədris-İdman Mərkəzində keçməyə başlayıb. Belarus və Qazaxıstanın əsas yığma komandaları təlim-məşq prosesini burada davam etdirir. Qazaxıstan yığmasının üzvləri 1 nəfərlik kanoe qayığında 23 yaşa qədər idmançılar arasında dünya çempionu Rufina İskakova və yeniyetmələr arasında dünya çempionu olmuş Mariya Brovkova kimi gənc ulduzlar Mingəçevirdə təlim-məşqdədir. Məşqləri Mingəçevirdə davam etdirən Belarus yığmasının titullu idmançılarından Anastasiya Lebedeva da “Kür”də yaradılan şəraitdən məmnun qaldığını deyir.

Qeyd edək ki, iqlim şəraitinə görə "Kür“ Olimpiya Tədris-İdman Mərkəzində su qış aylarında donmur. Bu da soyuq iqlimə malik bir çox xarici komandaların avarçəkmə məşqlərini Kürdə keçməsinə uyğun şərait yaradır.