Rafiq Hüseynov: “Ümid edirəm ki, Paris-2024 karyeramın son yarışı olacaq” - MÜSAHİBƏ

Rafiq Hüseynov: “Ümid edirəm ki, Paris-2024 karyeramın son yarışı olacaq” - MÜSAHİBƏ

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə lisenziya xarakterli Dünya Olimpiya Təsnifat turnirində uğurla çıxış edən yunan-Roma güləşçimiz Rafiq Hüseynov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 87 kq çəki dərəcəsində çıxış edən dünya, Avropa çempionumuz, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı yarışdan sonra Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.

Qeyd edk ki, Rafiq Hüseynov təsnifat mərhələsindəyunanıstanlı İlyas Paqkalidisə (3:1), 1/8 finalda isə hindistanlı Kumar Sunilə (4:3) qalib gəlib. 1/4 finalda isveçli Aleksis Kessidisdən güclü olan (2:1) güləşçimiz yarımfinalda gürcüstanlı Laşa Qobadze ilə qarşılaşıb. Həlledici görüşdə rəqibinə4:1hesabı ilə qalib gələn Rafiq Hüseynov Paris Olimpiadasına lisenziya qazandırıb.

 

- Rafiq, əzmkarlıq göstərərək Paris-2024-ə lisenziya qazandığına görə səni təbrik edirik. Yarışla bağlı təəssüratların necədir?

- 87 kiloqram digər çəkilərdən fərqlənirdi. Bu baxımdan mənim üçün çox ağır oldu. Müəyyən çətinliklərlə üzləşdim. Hətta Bakıdakı lisenziya xarakterli turniri buraxmalı oldum. Buna baxmayaraq, son yoxlama yarışlarında öz sözümü dedim. Bu çəki dərəcəsi mənim üçün uğurlu oldu. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandım. Bu, təkcə mənim deyil, Azərbaycan Güləş Federasiyasının qələbəsidir.

 

- Görüşlərinin birində sona bir saniyə qalmış qələbə qazandın. Bunu hətta Dünya Güləş Birliyi də xüsusi olaraq qeyd etdi.

- Hər zaman xalça üzərinə çıxanda fikirləşirəm ki, mübarizə 6 dəqiqə davam edir. Heç vaxt düşünmürəm ki, hesabda geriyəmsə, mübarizə əldən gedib. Təcrübə də onun göstərir ki, görüşün hansı məcrada gedəcəyini artıq əvvəlcədən hiss edirəm. Bəzən elə olur ki, qalib gəlməyin mümkün olmadığını başa düşürəm. Amma bəzən də müəyyən şansların olduğunu hiss edirəm. Bu yarışda da hiss edirdim ki, hindistanlı güləşçidən xal ala bilərəm. Allah bu qələbəni mənə nəsib etdi. Bütün görüşlərimi əziyyət çəkərək qalib gəldim və Paris Olimpiadasına lisenziya qazandım.

 

- Yarımfinaldakı rəqibin tanış idmançı idi. Belə demək olar ki, Nur-Sultandakı yarışdakı məğlubiyyətin revanşını aldın. İstərdik ki, bir qədər də bu görüşün taktikası barədə danışasan.

- Mən çox vaxt ikinci parteri götürməyi sevirəm. Bu, mənə çox yaxın taktikadır. Buna baxmayaraq, görüşdən əvvəl şəxsi məşqçimlə məsləhətləşdim. Onun məsləhəti belə oldu ki, rəqib güləşçi yorulmamış vəziyyətdə parteri seçmə. Çünki o, yorulmamış vəziyyətdə parterdə mənə fəndlər tətbiq edə bilərdi. Bu da mənə bir qədər çətin olardı. Bacardığım qədər rəqibdən xal almağa çalışırdım. Görüş zamanı azarkeşlər də hiss etdilər ki, rəqib güləşçi həddindən artıq çox yağ sürtmüşdü. Hətta yağ ləkəsi döşək üzərində də qalmışdı. Bunun üçün də ona fənd işlətmək çətin idi. Eyni zamanda neqativ güləş göstərdiyinə görə hakimlər ona xəbərdarlıq edirdilər. Düşünürəm ki, o, yağ sürtməsə idi, daha çox xal ala bilərdim. Eyni zamanda taktikaya uyğun olaraq məcburiyyətdən ikinci parterdə oldum. Rəqib yorğun olduğu üçün isə mənə fənd işlədə bilmədi.

 

- Paris Olimpiadası haqqında düşüncələrin necədir?

- Hazırda heç nə haqqında düşünmürəm. Hotelə çatıb, yaxınlarıma zəng edib, sevincimi bölüşmək istəyirəm. Hər bir şeyin öz vaxtı olduğu kimi, hazırlığın da vaxtı var. Məşqçilər bununla bağlı qərar verəcəklər. Qarşıda ölkəmiz güləş üzrə U-23 Avropa çempionatına ev sahibliyi edəcək. Düşünürəm ki, biz öndə gedən güləşçilər olaraq, bu yarışda komandamızın yanında olmalıyıq. Gənc idmançılara dəstəyimizi göstərməliyik. Bundan sonra isə Olimpiya Oyunlarının hazırlıqlarına başlayarıq. Ümid edirəm ki, Paris-2024 karyeramın son yarışı olacaq.