Balabəy Ağayev: "Növbəti hədəfim dünya çempionu olmaqdır”

Balabəy Ağayev: "Növbəti hədəfim dünya çempionu olmaqdır”

“Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirinə hazırlıq prosesimiz yüksək səviyyədə idi. Özümü psixoloji olaraq çempionluğa hazırlayırdım. Bilirdim ki, bu asan olmayacaq. Həqiqətən də çətin görüşlər keçirdim və sevinirəm ki, bunu bacardım”. 
Bu sözləri Tacikistanın paytaxtı Düşənbədə təşkil olunan “Böyük Dəbilqə” turnirində qızıl medal qazanan Azərbaycan cüdoçusu Balabəy Ağayev “Olimpnews.az”-a müsahibəsində deyib. 
-60 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançımız 1/4 finalda qarşılaşdığı Özbəkistan idmançısı ilə görüşdən də danışıb: “İkinci mərhələdə Özbəkistan idmançısı ilə üz-üzə gəldim. O, bu, il Daşkənddə təşkil olunan “Böyük Dəbilqə” yarışında mənə cərimə xalları ilə qalib gəlmişdi. Lakin bu dəfə daha yaxşı hazırlaşıb revanş götürdüm. Elə monqolustanlı idmançı da çox təcrübəli idi. Onunla görüş də asan keçmədi”. 
Növbəti hədəfinin dünya çempionatı olduğunu deyən cüdoçu yarışda iştirakla bağlı son qərarın məşqçilər heyəti tərəfindən veriləcəyini bildirib.
"Gələn ay Macarıstanın paytaxtı Budapeştdə dünya çempionatı keçiriləcək. Növbəti hədəfim dünya çempionu olmaqdır. Amma bu barədə qərarı məşqçilərimiz verəcək. Bakıya qayıdıb məşqlərimizi davam etdirəcəyik. Dünya çempionu olmaq istəyirəm və bunun üçün əlimdən gələni edəcəyəm"
Qeyd edək ki, Balabəy Ağayev Tacikistanın paytaxtı Düşənbədə təşkil olunan “Böyük Dəbilqə” turnirinin ilk günündə -60 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. 
 

Azər Əlizadə

Balabəy Ağayev: "Növbəti hədəfim dünya çempionu olmaqdır”