Millimiz Avropa Gümüş Liqasının hazırlıqlarına başladı 

Millimiz Avropa Gümüş Liqasının hazırlıqlarına başladı 

Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Avropa Gümüş Liqasına hazırlıqlara start verib. "Olimpnews.az" Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, komandamız baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə bu gün GİN-in Voleybol Mərkəzində ilk məşqinə çıxıb.
Bakıda təşkil olunan məşqlərə yığmanın əsas heyət oyunçuları ilə yanaşı, gənclər də cəlb olunublar.
Qeyd edək ki, millimiz Avropa Gümüş Liqasında ilk oyunlarını iyunun 6-da və 8-də İsveçdə keçirəcək. Rəqiblərimiz meydan sahibi və Gürcüstan komandası olacaq. İkinci tur 13-15 iyun tarixlərində Bakıda təşkil olunacaq. Komandamız doğma meydanda Lüksemburq və Macarıstan yığmaları ilə qarşılaşacaq. 20-22 iyun tarixlərində Farer adalarında təşkil olunacaq son turda isə millimiz ev sahibi ilə yanaşı, Avstriya yığmasına qarşı oynayacaq.