Mayın 14-də Azərbaycan Velosiped Federasiyasında federasiya rəhbərliyi ilə ölkənin müxtəlif bölgələrindən olan velosiped məşqçiləri arasında görüş keçirilib.
Olimpnews.az xəbər verir ki, iclasın əsas məqsədi cari il ərzində federasiyanın qarşısında duran vəzifələrin, prioritet istiqamətlərin və inkişaf perspektivlərinin müzakirəsi, eyni zamanda məşqçilərin fikir və təkliflərinin dinlənilməsi olub.
Görüşü giriş sözü ilə açan Azərbaycan Velosiped Federasiyasının I vitse-prezidenti Sahib Ələkbərov yeni mərhələdə velosiped idmanının inkişafı, perspektivli idmançıların aşkara çıxarılması, maddi-texniki bazanın gücləndirilməsi və beynəlxalq yarışların bərpası istiqamətində qarşıya qoyulan əsas hədəflər barədə məlumat verib. O, həmçinin regionlarda idmanın inkişafı üçün mövcud imkanlardan istifadənin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən məşqçilər bir sıra məsələlərə toxunaraq, xüsusilə velosiped çatışmazlığı, infrastrukturun təkmilləşdirilməsi, idmançıların beynəlxalq təcrübə qazanması üçün xarici təlim-məşq toplanışlarına cəlb edilməsi və məktəblərarası yarışların bərpası ilə bağlı təkliflərini səsləndiriblər.
Görüş zamanı həmçinin “Tour d’Azerbaidjan” yarışının bərpası, peşəkar velosiped komandasının yaradılması, qadın velosipedçilərin sayının artırılması və Qarabağda Velosiped Məktəbinin təsis olunması kimi təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan Velosiped Federasiyasında məşqçilərlə görüş keçirilib


