Fransanın PSJ komandası klublararası dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Olimpnews.az xəbər verir ki, parislilər yarımfinalda Madrid "Real"ını darmadağın edib -4:0. Nyu-Cersidəki "Metlayf" stadionunda keçirilən oyunda hesab erkən qol sayəsində açılıb. Fabian Ruiz 6-cı dəqiqədə PSJ-ni hesabda önə çıxarıb. Üç dəqiqə sonra Osman Dembele ikinci topu "Kral klubu"nun qapısından keçirib. Matçın 24-cü dəqiqəsində fransızlar hesabdaki üstünlüyünü üç topa çatdırıblar. Fabian Ruiz bu dəfə də Tibo Kurtuanı məyus edib.
Matçda son nöqtəni 87-ci dəqiqədə Qanzalo Ramos qoyub. Beləliklə, turnirdə Madrid klublarına qənim kəsilən PSJ növbəti böyükhesablı qələbə sayəsində adını finala yazdırıb.
Qeyd edək ki, PSJ qrup mərhələsində Madridin digər təmsilçisi "Atletiko"nu da eyni hesabla (4:0) məğlub etmişdi.
Beləliklə, iyulun 13-də keçiriləcək final oyununda Luis Enrikenin komandası İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.
PSJ "Real"ı darmadağın edərək finala vəsiqə qazandı





