Tennis üzrə "Böyük Dəbilqə" turnirinin dəfələrlə qalibi, ispaniyalı Rafael Nadal qolf üzrə Balear adaları çempionatında qüvvəsini sınayıb.
Olimpnews.az xəbər verir ki, o, ikiqat NBA çempionu Pau Qasol ilə üz-üzə gəlib. "Yaxşı dostlarla bu yarışdan həzz alıram. Səninlə görüşmək mənə çox xoş oldu, Pau Qasol. Tezliklə görüşənədək!" - deyə Nadal sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, 39 yaşlı Nadal 2024-cü ilin noyabrında peşəkar karyerasını başa vurub. İspaniyalı idmançı bu illər ərzində 22 Böyük Dəbilqə və 36 Masters titulları daxil olmaqla 92 fərdi titula yiyələnib. O, qoşa yarışlarda Rio-2016-nın Olimpiya çempionudur. 45 yaşlı Qasol isə "Los Angeles Lakers" ilə ikiqat NBA çempionudur. Onun 16 nömrəli forması klub tərəfindən əbədiləşdirilib. Pau həm də Olimpiya Oyunlarının ikiqat gümüş və bir dəfə bürünc mükafatçısı, üçqat Avropa çempionu və altı dəfə NBA "All-Star" Oyununun iştirakçısıdır.
Əlixan Babayev