Bu gün Bakıda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə U-13 və U-15 yaş kateqoriyaları üzrə Avropa Cüdo Ümidləri turniri və kodokan mütəxəssislərinin iştirakı ilə təlim sessiyalarına start verilib.
Olimpnews.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən nüfuzlu turnirdə 12 ölkəni təmsil edən 88 klubun heyətində ümumilikdə 436 cüdoçu (364 oğlan və 72 qız) qüvvəsini sınayır. Gənc cüdoçular 33 çəki dərəcəsində mübarizə aparırlar.
Klublar arasında keçirilən bu yarışlarda əldə olunan nəticələr müvafiq olaraq komandaların ümumi hesabına əlavə ediləcək.
Bu gün həmçinin turnir çərçivəsində texniki hazırlıq sessiyaları da təşkil olunub. Bu sessiyalara Avropa çempionu, dünya çempionatının gümüş medalçısı, Serbiyanın tanınmış cüdoçusu Aleksandar Kukoly ilə yanaşı, Yaponiya cüdo məktəbinin tanınmış nümayəndəsi, kodokan mütəxəssisi və dünya çempionatının mükafatçısı Tokuno Kazuhiko rəhbərlik edir.
Zəngin beynəlxalq təcrübəyə malik bu məşqçilər öz bilik və bacarıqlarını iştirakçılarla bölüşərək onların texniki və nəzəri hazırlıq səviyyəsinin artırılmasına mühüm töhfə verirlər