Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatı yekunlaşmaq üzrədir.
Olimpnews.az xəbər verir ki, bu gün qitə çempionatının sonuncu - IX turunun görüşlərinə start veriləcək. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət komandamız son turda Serbiya millisi ilə qarşılaşacaq. Hazırda 8 turdan sonra komandamız 13 xalla Ukrayna millisi ilə birgə liderliyi bölüşür. Komandamız bu gün Serbiya üzərində qələbə qazanacağı təqdirdə dördüncü dəfə çempion adına layiq görüləcək.
Xatırladaq ki, Azərbaycanın kişilərdən ibarət millisi 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu adını qazanıb.
Qadından ibarət komandamız isə bu gün Polşa ilə üz-üzə gələcək. Heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyevanın yer aldığı komanda 10 xalla altıncıdır.