Ötən il aprelin 5-dən 16-na qədər Albaniyanın paytaxtı Tiranada keçirilən ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında Avropa çempionatının nəticələri ləğv olunub. Bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının rəsmi saytında məlumat yerləşdirilib.
Məlumata görə, diskvalifikasiyaya məruz qalan bir sıra ölkə idmançıları arasında yığma komandamızın 5 üzvünün də adı var. Xatırladaq ki, Albaniyadakı qitə yarışında yığmamızın heyətində Valentin Xristov, Zülfüqar Süleymanov (hər ikisi 62 kq), Sərdar Həsənov (69 kq), İntiqam Zairov (94 kq) çıxış ediblər. Qadınların mübarizəsində Silviya Angelova (48 kq) və Alyona Kiriyenko (69 kq) yığmamızın şərəfini qoruyublar. Həmin yarışda millimiz 2 qızıl (Valentin Xristov, İntiqam Zairov), 2 gümüş (Silviya Angelova və Sərdar Həsənov) və 1 bürünc (Zülfüqar Süleymanov - 62 kq) medala layiq görülmüşdü. Həmin heyətin təckə bir üzvü, yarışları dördüncü pillədə başa vuran Alyona Kiriyenko diskvalifikasiyadan kənarda qalıb.
Məsələ ilə bağlı Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) aldığımız məlumatda bildirilir ki, Beynəlxalq Ağır Atletika Federasiyanın rəsmi saytında dopinqdən istifadədə şübhəli bilinən idmançıların siyahısı yerləşdirilib. Həmin siyahıda Azərbaycan ağır atletlərinin adı yoxdur. Ağır atletlərimizin Avropa medalından məhrum olunmasına gəlincə, hazırda Azərbaycan Ağır Atletika Federasiyası faktla bağlı araşdırma aparır. 2013-cü ilin aprel ayında Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş çempionatda Azərbaycan idmançılarının qazandıqları nəticələrin hansı səbəbdən ləğv olunması aydınlaşdırılır.