“Synergy Baku”nun Fransada möhtəşəm uğuru

“Synergy Baku”nun Fransada möhtəşəm uğuru


Fransada Beynəlxalq Velosipedçilər Ittifaqının (UCİ) 2.2 kateqoriyalı "Tour de Bretagne” yürüşünün 4-cü mərhələsi „Synergy Baku" komandası üçün yaddaqalan olub. Belə ki, 22 komandanın mübarizə apardığı yarışın 189 km-lik bu bölümü komandamızın üzvü Markus Eybegerin parlaq qələbəsilə diqqət çəkib.
Azərbaycan Velosiped Federasiyasından olimpnews.az-a daxil olan məlumata görə, təmsilçimiz məsafəni 4 saat, 53 dəqiqə, 30 saniyəyə başa vurmaqla bütün rəqiblərini qabaqlayıb və finişi birinci keçib. Bu nəticə Eybegerin ümumi sıralanmada irəliləməsinə də imkan yaradıb. Hazırda velosipedçimiz 4 mərhələnin yekununa əsasən 7-ci yerdədir.
Sabah keçiriləcək 5-ci mərhələdə iştirakçılar 169,9 km məsafni qət edəcəklər. Qeyd edək ki, Markus Eybeger mayın 7-11-də keçiriləcək "Tour d”Azerbaidjan-2014” veloyürüşündə də çıxış edəcək.
"Synergy Baku”da debüt mövsümündə ilk qalibiyyətinə imza atan Markus Eybeger qələbəsini belə şərh edib: "Sevinirəm ki, qələbəm lazım olan vaxta təsadüf etdi. Çünku "Tour d'Azerbaidjan” öncəsi bu bizə əlavə gərginlikdən xilas olmaq üçün olduqca vacib idi. Odur ki, Azərbaycan turuna tam hazır olacağıq!”

Yeri gəlmişkən, "Synergy Baku”nun heyətində Fransada yarışan velosipedçilərdən ikisi - Elçin Əsədov və Metyu Bremmier soyuqdəymə səbəbindən yarışda iştirakını dayandırıblar. Məşqçilər korpusu "Tour d'Azerbaidjan”da yarışacaq bu velosipedçilərin bərpa prosesi keçməsi üçün onlara istirahət vermək qərarına gəlib.

"Markusun bu qələbəsi alqışa layıqdir” - deyən "Synergy Baku”nun baş meneceri David McQuaid isə ondan "Tour d'Azerbaidjan” yürüşündə də uğurlu çıxış gözlədiyini bildirib.