"Azərbaycan turu” beynəlxalq veloyürüşü başa çatdı.
İdmançılar beşinci yekun mərhələsində Bakı-Abşeron-Bakı marşrutu üzrə 202 kilometr məsafə qət etdilər. Beşinci mərhələdə Fransanın "La Pomme Marseille 13” komandasından olan Jüstin Jül finiş xəttini birinci keçdi. İkinci yeri "MTN-Qhubeka” komandasının (CAR) üzvü Yusef Regigi tutdu. "Azərbaycan turu”nun qalibi Rusiyanın "Rusvelo” klubunun velosipedçisi İlnur Zakarin oldu.
Ən yaxşı dağ yürüşçüsünün qırmızı maykasını "MTN-Qhubeka” klubunun üzvü Linus Gerdemann qazandı. Ən yaxşı sprinterin yaşıl maykası isə "Kolss” komandasından olan ukraynalı Vitali Butsa qismət oldu. Ən yaxşı gənc yürüşçü və bənövşəyi maykanın sahibi adını Avstraliya yığmasının üzvü Robert Pover qazandı.
Azərbaycanın "Sinerji-Bakı” komandasının ən yaxşı veloyürüşçüsü Samir Cəbrayılov oldu.
Xatırladaq ki, "Azərbaycan turu” mayın 7-də Bakıda start götürmüşdü. Beş gün davam etmiş yürüşdə idmançılar Bakı-Sumqayıt, Bakı-İsmayıllı, Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ, Qəbələ-Şamaxı-Pirqulu, Bakı-Abşeron-Bakı marşrutları üzrə yarışdılar.
Qeyd edək ki, "Azərbaycan turu” beynəlxalq veloyürüşündə 22 ölkəni təmsil edən 25 komanda birincilik uğrunda mübarizə apardı. Onlardan 8-i qitələrarası lisenziyaya malikdir: bunlar "MTN-Qhubeka” (Cənubi Afrika Respublikası), "Caja Rural-Seguros RGA” (İspaniya), "Neri Sottoli”, "Androni Giocattoli” (İtaliya), "Drapac Professional Cycling” (Avstraliya), "Team Novo Nordisk” (ABŞ), "Rusvelo” (Rusiya) və "CCC Polsat-Polkowice” (Polşa) komandalırıdır.
Turnirdə Azərbaycanı "Synergy Baku Cycling Project” komandası təmsil edirdi. Dünyanın 17 qitələrarası komandasından 8-i "Azərbaycan turu”nda iştirak etdi.
Bir daha xatırladaq ki, turnirin birinci turunda qələbəni Kenni Van Xummel (Niderland) bayram etdi. Bu turda Vitali Buts (Ukrayna) ikinci, David Viqano (İtaliya) isə üçüncü yerləri tutdular.
İkinci turda Sloveniyanın "Adria Mobil” komandasından olan Primoz Roqliç finiş xəttini birinci keçdi. İkinci yeri Astraliyanın "Drapac Professional Cycling” komandasından olan Uilyam Klark, üçüncü yeri isə İtaliyanın "Neri Sottoli” komandasının üzvü Rafael Andreato tutdular.
Üçüncü mərhələdə finişə birinci "MTN-Qhubeka” komandasının (CAR) idmançısı Yusef Regigi çatdı. Sloveniyanın "Adria Mobil” komandasının üzvü Matey Mugerli II, "Snimano” komandasının (İsveç) üzvü danimarkalı Kristian Yensen III yeri tutdular.
Dördüncü mərhələdə "MTN-Qhubeka” komandasından olan alman Linus Gerdemann I oldu. Qey edək ki, Gerdemann 2007-ci ildə "Tur de Frans” yürüşünün qalibidir. II yeri Rusiyanın "Rusvelo” komandasının üzvü İlnur Zakarin, III yeri isə Ukraynanın "Kolss” komandasının idmançısı Vitali Buts tutdular.
Azərbaycan turu” veloyürüşü başa çatdıqdan sonra mətbuat konfransı keçirilmişdir.
Turun təşkilat komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov veloyürüşün bütün iştirakçılarına, beynəlxalq təşkilatlara və hüquq mühafizə orqanlarına minnətdarlığını bildirdi: "Burada təkcə yürüşçülər deyil, təşkilatçılar və jurnalistlər də təcrübə topladılar. Beş mərhələnin hamısı yüksək səviyyədə və yaxşı əhval-ruhiyyədə keçmişdir. Biz əldə edilmiş səviyyəni ildən-ilə yüksəltməyə çalışacağıq. Bu yarışlar Azərbaycanın gənc veloyürüşçülərinə kömək edəcəkdir. Samir Cəbrayılovun uğuru bunu təsdiq edir.
Beşinci mərhələnin son bir saat yarımlıq hissəsinə canlı yayımda bütün dünya tamaşa etmişdir. Bu Avropa oyunlarına hazırlığın mühüm mərhələsi idi”.
Rusiyanın "Rusvelo” komandasının velosipedçisi İlnur Zakarin, beşinci mərhələnin qalibi Jüstin Jül, "MTN-Qhubeka” komandasının (CAR) üzvü, turun ən yaxşı dağ yürüşçüsü Linus Gerdemann, turun ən yaxşı sprinteri, Ukraynanın "Kolss” komandasının üzvü Vitali Buts, Turun ən yaxşı gənc yürüşçüsü, Avstraliya yığmasının üzvü Robert Pover və "Sinerji-Bakı” komandasının idmançısı Samir Cəbrayılov Azərbaycanın ən yaxşı veloyürüşçüsü adını qazandığı "Azərbaycan turu”ndakı çıxışı barədə öz fikirlərini bölüşdülər. S.Cəbrayılov dedi: "Özümü çox yaxşı hiss edirəm. Bu maykanı qazandığıma sevinirəm. Əlbəttə, liderin mavi maykasını əldə etmək istərdim, amma gərək öz üzərimdə çalışım”