Avropa Velosipedçilər İttifaqının prezidenti David Lappartien Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2014” veloyürüşünün yüksək təşkilatçılığı və uğurla başa çatması münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədova məktub ünvanlayıb. Məktubda deyilir: "Avropa Velosipedçilər İttifaqı adından Sizi "Tour d’Azerbaidjan-2014” veloyürüşünün yüksək təşkilatçılığı münasibətilə təbrik edirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, qurumun baş katibi Enriko de la Kassa və onu müşayiət edən texniki komissiya xüsusən yarışın mayın 11-də paytaxt Bakıda keçirilən son mərhələsi ilə bağlı hazırladığı məruzədə İçərişəhər marşrutu ilə bağlı xüsusi qeydlər etmiş və ən xoş təəssüratlarını bölüşmüşlər”.
Qeyd olunmuşdur ki, texniki komissiya "Bakı-2015”-in Təşkilat Komitəsi ilə məsləhətləşmələr apardıqdan sonra gələn il keçiriləcək ilk Avropa Oyunlarının marşrutu ilə bağlı ətraflı məruzə hazırlayıb. "Eurosport” kanalı ilə gördüklərimizə əsasən, Bakının həm müasirlik, həm də tarixilik baxımından gözəlliyinin bir daha şahidi olduq. Xüsusən İçərişəhər, Şirvanşahlar Sarayı və Qız Qalası Bakının çoxəsrlik tarixə malik olduğunu bir daha sübut edir.
D.Lappartien məktubunda vurğulayıb: "Tour d’Azerbaidjan-2014” veloyürüşünün son mərhələsinin Bakı-2015 ilk Avropa Oyunlarının velosiped yarışlarının keçiriləcəyi yollar boyunca təşkili olduqca müsbət haldır və bütün iştirakçılar Bakını daha yaxından tanımaq imkanı qazanıblar. Əminəm ki, 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunacaq və iştirakçılar Bakıdan xoş təəssüratla ayrılacaqlar”.