“An Post Ras” veloyürüşündə uğurlu sonluq

“An Post Ras” veloyürüşündə uğurlu sonluq


İrlandiyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı "An Post Ras” veloyürüşü Azərbaycanın "Synergy Baku” komandası üçün uğurla başa çatıb. Belə ki, təmsilçilərimiz 8 mərhələdən ibarət yarışı 2 mərhələ qalibiyyəti və 1 köynəklə başa vurublar.
36 kollektivin iştirak etdiyi yarışın 134.3 km-lik sonuncu mərhələsində "Synergy Baku”nun üzvü Daniel Klemme finişi liderdən 38 saniyə gec keçərək 2-ci yeri tutub - 2 saat 58 dəqiqə, 45 saniyə. Eyni nəticəyə imza atan Kristof Şvayzer isə 16-cı olub. Bu, Şvayzerə yekun sıralanmada 5-ci pillədəki yerini qorumağa imkan verib.
7-ci mərhələnin ən yaxşı dağ velosipedçisi olan Markus Eybeger isə 8-ci mərhələdə bu üstünlüyünü qoruya bilib və bununla da 97 xalla "An Post Ras” veloyürüşünün "Dağ Kralı” adına layiq görülüb.
Xatırladaq ki, Eybeger bu yarışın 6-cı mərhələsində finiş xəttini 1-ci keçərək həm də mərhələ qalibi olmuşdur. İrlandiya turunun 3-cü mərhələsində isə "Synergy Baku”nun digər üzvü Yan Sokol hamıdan güclü olmuşdu. Əldə edilən bu nailiyyətlər "Synergy Baku”nun yarışı komanda hesabında 5-ci pillədə bitirməsinə şərait yaradıb.