Velosipedçilərimiz Litvada daha iki medal qazandılar

Velosipedçilərimiz Litvada daha iki medal qazandılar


Litvanın Panevejis şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1-ci kateqoriyalı "Panevejis-2014” turniri davam edir.
Velosiped idmanının trek növü üzrə keçirilən yarışın ikinci günündə Azərbaycan yığma komandası bir qızıl və bir gümüş medal qazanıb.
Turnirin ilk günündə kişilər arasında 200 metr məsafəyə sprint yarışında üçüncü yeri tutmaqla 64 reytinq balı əldə edən Sergey Omelçenko bu dəfə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Keyrin yarışlarında mübarizə aparan velosipedçimiz yarımfinal mərhələsində finişi birinci keçməklə əsas finalda iştirak hüququna yiyələnib. Həlledici yürüşdə isə Sergey Omelçenko gümüş medala sahib olub. Bununla da velosipedçimiz daha 72 reytinq balı qazanıb və dünya kuboku yarışlarında iştiraka doğru önəmli addım atıb.
Daha sonra keyrində mübarizəyə qadın idmançılar qoşulublar. Millimizin lideri Olqa İsmayılova həm yarımfinal, həm də final yürüşündə bütün rəqiblərini qabaqlamaqla yığmamıza qızıl medal qazandırıb və 80 reytinq balına sahib olub. Bununla da Olqa İsmayılova bu ilin noyabrında Meksikada keçiriləcək dünya kuboku yarışlarında iştirak üçün lazım olan xal ehtiyatını tamamlayıb. Dünya kuboku yarışlarından əvvəl yığmamız Fransada keçiriləcək Avropa çempionatında mübarizə aparacaq.