Velosiped çilərimiz Litvada 4 medal qazanıblar

Velosiped çilərimiz Litvada 4 medal qazanıblar


Litvanın Panevejis şəhərində velosiped idmanının trek növü üzrə "Panevejis-2014” yarışına yekun vurulub. Beynəlxalq Velosipedçilər İttifaqının 1-ci kateqoriyalı yürüşünün ilk günündə yığma komandamız bürünc medal qazanıb. Kişilər arasında 200 metr məsafəyə sprint yarışında mübarizə aparan idmançımız Sergey Omelçenko təsnifat və 1/4 final yürüşlərini uğurla dəf edərək yarımfinala yüksəlib.
Lakin təmsilçimiz yarışın bu mərhələsində yerli velosipedçiyə məğlub olub. Bürünc medal uğrunda yarışan velosipedçimiz Ukrayna nümayəndəsi ilə mübarizə aparıb. Yarışın qaydalarına görə, 2 qələbəyədək davam edən sprint yürüşü Sergey Omelçenkonun üstünlüyü ilə keçib və o, fəxri kürsünün üçüncü pilləsinə qalxaraq, yığma komandamıza ilk medalı qazandırıb. Bu həm də velosipedçimizin aktivinə 64 reytinq balı gətirib.
Qadınların 20 km məsafəyə yürüşündə isə yığma komandamızın bir üzvü çıxış edib. Yelena Pavluxina mübarizəyə yaxşı başlayaraq bir neçə dövrə liderlər qrupunda qərarlaşsa da, yekunda 6-cı yeri tutub. Təmsilçimiz bu nəticə ilə reytinqini 40 xalla zənginləşdirib.
Velosiped idmanının trek növü üzrə keçirilən yarışın 2-ci günü yığma komandamızın üzvləri üçün uğurlu olub. Təmsilçilərimiz 1 qızıl və 1 gümüş medala sahib çıxıblar. İlk yarış günü kişilər arasında 200 metr məsafəyə sprint yarışında 3-cü yeri tutmaqla 64 reytinq balı qazanan Sergey Omelçenko bu dəfə fəxri kürsünün 2-ci pilləsində yer alıb. Keyrin yarışlarında mübarizə aparan velosipedçimiz yarımfinal mərhələsində finişi birinci keçərək, əsas finalda iştirak hüququna yiyələnib. Həlledici yürüşdə isə Sergey Omelçenko yalnız yerli idmançıdan geri qalaraq gümüş medala layiq görülüb. Bu nəticə ilə velosipedçimiz daha 72 reytinq balı qazanıb və Dünya kubokunda iştiraka doğru önəmli addım atıb.
Sonra keyrində mübarizəyə qadın idmançılar qoşulublar. Millimizin lideri Olqa İsmayılova həm yarımfinal, həm də final yürüşündə bütün rəqiblərini qabaqlamaqla yığmamıza qızıl medal qazandırıb.
Yarışının sonuncu günündə Azərbaycan yığma komandası daha bir qızıl medal qazanıb. Belə ki, qadınlar arasında 200 metr məsafə üzrə sprint yarışında çıxış edən Olqa İsmayılova təsnifat mərhələsində 11.443 saniyə nəticə göstərərək bütün rəqiblərini üstələyib. Bununla da 2014-cü il mövsümündəki şəxsi rekordunu da təzələyən idmançımız 1/4 finalda Polşa, yarımfinalda isə Litva təmsilçisini mübarizədən kənarlaşdırıb. Velosipedçimiz finalda daha bir litvalı, dünya çempionu və dünya rekordunun sahibi Simona Krupekayteyə rəqib olub. İki yürüşdən ibarət final idmançımızın qələbəsi ilə başa çatıb. Beləliklə, Olqa İsmayılova "Panevejis-2014” turnirində ikinci qızıl medala layiq görülüb.
Məlumat üçün qeyd edək ki, 2 qızıl medala sahib çıxan idmançımız hər medala görə 80 reytinq balı (cəmi 160 bal) qazanıb. Bununla da, Olqa İsmayılova bu ilin noyabrında Meksikada təşkil olunacaq Dünya kubokunda iştirak üçün lazım olan xal ehtiyatını tamamlayıb. Dünya kubokundan əvvəl isə xanım idmançımız, eləcə də yığmamızın digər üzvləri Fransada keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar.
Millimizin daha bir qadın üzvü Yelena Pavluxina isə 6 müxtəlif növdən ibarət omnium yarışlarında 110 xal toplamaqla 9-cu yeri tutub. Beləliklə, Litva turniri velosipedçilərimiz üçün 2 qızıl, 1 gümüş və 1 bürünc medalla yadda qalıb.