“Tour of China”da yağışlı mərhələ

“Tour of China”da yağışlı mərhələ


Çində keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour of China” veloyürüşünün 2-ci bölümünün 4-cü mərhələsi də arxada qalıb. 5 mərhələdən ibarət bu hissədə iştirakçılar güclü yağış altında 138.8 km məsafə qət ediblər.
"Synergy Baku” komandasının üzvlərindən ən yaxşı nəticə Maykl Şvayzerə məxsusdur. O, məsafəni 2 saat 53 dəqiqə 16 saniyəyə başa vurmaqla mərhələ qalibi ilə eyni nəticə göstərib və fotofinişə əsasən, 8-ci olub.
Ümumi təsnifata gəlincə, təmsilçilərimizdən Aleksandr Surutkoviç və Metyu Bremmier, müvafiq olaraq, 12-13-cü yerlərdə qərarlaşırlar. İlk 20-likdə daha bir təmsilçimiz - bir neçə gündən sonra İspaniyada keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək Elit yığma komandamızın üzvü Elçin Əsədov da var: o, 16-cı pillədədir.
Sonuncu, 5-ci mərhələdə iştirakçılar 109.2 km məsafə qət edəcəklər. Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru” olan "Synergy Group” ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project”in baş sponsorudur.