Üzgüçülərimiz Dohaya yola düşüblər

Üzgüçülərimiz Dohaya yola düşüblər

Azərbaycanın üzgüçülük üzrə yığma komandası 25 metrlik hovuzda üzmə üzrə dünya çempionatında iştirak etmək üçün noyabrın 30-da Dohaya (Qətər) yola düşüb.
Ölkəmizi bu nüfuzlu turnirdə Azərbaycanın üzgüçülük üzrə yığma komandası baş məşqçisi Rəşad Əbdülrəhmanovun rəhbərliyi altında səkkiz idmançı ilə təmsil edir.
Dohada üzgüçülük üzrə dünya çempionatı dekabrın 3-dən 7-dək davam edəcək. Dohaya yola düşəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə baş məşqçi Rəşad Əbdülrəhmanov, baş müşavir, məşqçi Viktor Jeltikov, müşavir Sergey Kostyukov, məşqçi Oleq Həşimov, habelə üzgüçülər - komandanın kapitanı Boris Kirilov, Yuliya Sitilyuk, Anna Mançinkova, Kamran Cəfərov, İvan Andreanov, Qriqori Kalminski, Doriyan Fazekaş və Anton Jeltikov daxildirlər.

Komandanın baş məşqçisinin dediyinə görə, Azərbaycan idmançılarının çempionatda iştirakının əsas məqsədi onların idman ustalığını yüksəltməkdir.
R.Əbdülrəhmanov deyib: "Bu üzgüçülər 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarında Azərbaycanı təmsil edəcəklər. Boris Kirilov istisna olmaqla qalan idmançılar, demək olar ki, beynəlxalq turnirlərdə iştirak etməyiblər. Buna görə də biz ustalığı artırmaq üçün bəzi nüfuzlu turnirlərdə iştirak etməyi planlaşdırırıq. Komandamıza yeniyetmə idmançılar daxildir. Odur ki, yaşca daha böyük üzgüçülər iştirak edəcəkləri bu turnirlərdə onların fəxri yerlər qazanacaqlarını gözləmirik. Lakin idmançılarımızın öz nəticələrini yaxşılaşdırması və idman ustalığını artırması baxımından bu turnirin böyük əhəmiyyəti vardır”.
Üzgüçülük üzrə Azərbaycan yığması Dohada keçiriləcək dünya çempionatında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Üzgüçülük Federasiyasının dəstəyi ilə iştirak edəcəkdir.
Federasiyada, həmçinin qeyd ediblər ki, Dohada Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) Ümumdünya Konvensiyasına həsr olunmuş tədbir keçirilir. Ölkəmizi bu nüfuzlu tədbirdə Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənəniyarlı təmsil edir.
Dünyanın 171 ölkəsinin nümayəndələrinin iştirak etdikləri tədbirdə üzgüçülüyün inkişafına dair mühüm qərarlar qəbul etmək planlaşdırılır.