Nərimanov rayonunda peyntbol turniri start götürüb

Nərimanov rayonunda peyntbol turniri start götürüb


Dekabrın 10-da Nərimanov Rayon İcra Hakimiyyətinin və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən peyntbol üzrə rayon birinciliyi start götürüb.
Turnir rayon ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbə gənclər təşkilatları arasında keçirilir.
Yarışın açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək yarış haqqında məlumat verib. O, turnirin əsas məqsədinin ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə və onların vətənpərvərlik ruhunda böyüməsinə şərait yaratmaqdan ibarət olduğunu bildirib. Nəcəf müəllim həmçinin rayon İcra hakimiyyətinin dəstəyi ilə rayon ərazisində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan bir sıra idman yarışları və digər tədbirlər keçirildiyini vurğulayıb.
Rayon icra hakimiyyəti başçısının müavini İradə Mahmudova ümummilli lider Heydər Əliyevin xatirəsinin Azərbaycanın hər yerində anıldığını bildirib. "Ulu Öndərin xatirəsi bizim ürəyimizdə daim yaşayır. Dahi şəxsiyyət Heydər Əliyev yeniləşən, inkişaf edən və yüksələn Azərbaycanı bizə miras qoyub”, - deyə İradə xanım qeyd edib.
Tədbirdə çıxış edən natiqlər bu yarışın təşkil olunmasını gənclərin fiziki hazırlığı, ordunu sevdirmə, onların hərbi xidmətə həvəsləndirmə baxımından çox böyük əhəmiyyət kəsb etdiyni bildiriblər. Qeyd olunub ki, ölkəmizdə gənclərə yüksək diqqət və qayğı göstərilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilərək həyata keçirilir. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanda güclü gənclər ordusu formalaşıb.
Sonra komandaların kapitanlarının iştirakı ilə püşkatma olub.