Ötən il ağır atletika üzrə 49 idmançının qanında aparılan dopinq testləri müsbət nəticə verib.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytının verdiyi məlumata görə, 24 atletin dopinqdən istifadə etməsi bundan iki ay əvvəl ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında qeydə alınıb. Onların arasına 19 medalçı, 2 dünya rekordçusu da var. Bu idmançılar Belarus, Yunanıstan, Qazaxıstan, Moldova, KXDR, Rusiya və Azərbaycandandır. IWF sərt proqramını davam etdirəcəyini və dopinqsiz idman uğrunda mübarizədə təslim olmayacağını bəyan edib. Qurumun prezidenti Tamaş Ayan Hyustonda 600-dək idmançıdan 220-nin və ya 30 faizinin yoxlanıldığını açıqlayıb. O, rəhbərlik etdiyi qurumun illik büdcəsindən dopinqlə mübarizəyə 20 faiz, təmiz idman üçün təlimlərə isə 23 faiz vəsaitin ayrıldığını bildirib.
Xoşagəlməz hallara rəğmən, T.Ayan ağırlıqqaldırma növünün yay Olimpiya Oyunlarının proqramından çıxarılma ehtimalının olmadığını vurğulayıb. Əksinə, IWF prezidenti bu növün olimpiya proqramında əsas növlərdən sayıldığını söyləyib.
Qeyd edək ki, dünya çempionatında Azərbaycanın 6 ağırlıqqaldıranından - Valentin Xristov (62 kq), Elxan Əliquluzadə (77 kq), Firudin Quliyev (69 kq), İntiqam Zairov (94 kq), Dadaş Dadaşbəyli (105 kq) və Silviya Angelovadan (48 kq) götürülmüş dopinq-testin A nümunəsi müsbət nəticə verib. Hələlik B nümunəsinin açılmasına qərar verilməyib. Ağırlıqqaldıranlardan Dadaşbəyli istisna olmaqla, qalan 5-i ikinci dəfə dopinq-testdən keçə bilməyib. Qaydalara əsasən, bu halda idmançıları ömürlük cəza gözləyir. Bu halda milli federasiyanı 200 min dollar cərimə gözləyir. Ağırlıqqaldıranlarımız isə Rio-2016 Yay Olimpiya Oyunlarına buraxılmaya bilər.