Ölkəmizdə velosiped idmanı yüksək inkişaf yoluna qədəm qoyub

Ölkəmizdə velosiped idmanı yüksək inkişaf yoluna qədəm qoyub



Velosiped idmanı dünyada populyar idman növlərindəndir. Mütəxəssislər bədənin möhkəmləndirilməsi və sağlamlıq baxımından bu idman növünü mükəmməl hesab edirlər. Velosipedin tarixi 500 il bundan əvvələ, yəni dünya şöhrətli Leonardo da Vinçinin insan üçün sərfəli və münasib olan bu nəqliyyat vasitəsinin təsviri ilə başlayıb, desək, yanılmarıq. İlk velosiped isə almaniyalı Baron fon Drays tərəfindən 1817-ci ildə ixtira edilib. Dünya velosipedçilərini bir araya gətirən ilk beynəlxalq təşkilat 1900-cü ildə Parisdə yaradılan Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) olub. Məlumat üçün qeyd edək ki, velosiped idmanına şose, trek, dağ velosiped idmanı və BMX (velosiped motokrosu) kimi növlər daxildir.



Azərbaycanda velosiped idmanının tarixi


Azərbaycanda velosipeddən istifadənin tarixi 1930-cu ilə təsadüf edir. Əvvəllər velosiped məktəblilər və tələbələr arasında daha geniş yayılmışdı. Bu səbəbdən də velosiped yarışları məktəblər və universitetlər arasında keçirilirdi. Azərbaycanda daha iri miqyaslı velosiped yarışları ötən əsrin 40-cı illərin əvvəllərində təşkil edilib. Bu dövrlərdə artıq respublika daxilində velosipedçilər arasında spartakiadalar keçirilirdi.

Azərbaycanda velosiped idmanının ilk nümayəndələri Səbzəli Hüseynov və Hüseyn Zərgərlidir. Ötən əsrin 40-cı illərinin sonlarından etibarən velosiped yarışlarında təkcə kişilər deyil, qadınlar da iştirak etməyə başlayıblar. Bakının qadınlardan və kişilərdən ibarət yığma komandası ümumittifaq və Zaqafqaziya spartakiadasında qüvvələrini sınayıblar. 1950-ci illərdən başlayaraq Azərbaycanın velosiped idmanında əsaslı irəliləyiş nəzərə çarpıb. Belə ki, idmançılarımız artıq SSRİ çempionatında və dünya birinciliklərində yarışıblar. Alxas Talıbov, Ələddin Şabanov, Vladimir Davidov, Ramiz Rəhimov, Viktor Semergey, Aleksandr Averin və başqaları beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil ediblər. 1980-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə Bakıda dünya standartlarına uyğun Respublika Velotreki tikilib istifadəyə verilib. 90-cı illərdən başlayaraq, ölkədə velosiped idman növü üzrə sistemli turnirlər keçirilməyə başlanılıb. 

1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə (MOK) prezident seçilməsindən sonra müstəqil Azərbaycanda idman və Olimpiya hərəkatı yüksək inkişaf yoluna qədəm qoyub. MOK rəhbərinin müdrik siyasəti və uzaqgörənliyi sayəsində qısa müddət ərzində ölkənin idman qurumunun təşkilati və quruculuq işlərində böyük irəliləyişlər əldə olunub. Belə ki, paytaxt və regionlarda müasir idman kompleksləri istifadəyə verilib, yeni, peşəkar idman federasiyaları, o cümlədən Azərbaycan Velosiped İdmanı Federasiyası yaradılılıb. Azərbaycan Velosiped İdmanı Federasiyası 2011-ci ildə yenidən təşkil olunub və Fazil Məmmədov federasiyanın prezidenti seçilib. Azərbaycanda velosiped idmanına marağın böyük olmasının nümunələrindən biri də Bakı Dövlət Universitetində yerləşən beynəlxalq miqyaslı Velosiped idmanı muzeyidir. Muzey 40 ilə yaxındır ki, fəaliyyət göstərir. Velosiped muzeyinin yaradıcısı velosiped idman növü üzrə Azərbaycanı dünya çempionatlarında təmsil edən Ələddin Şabanovdur.



Federasiya işini günün tələbləri səviyyəsində qurub

Son illər ölkəmizdə idman sahəsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları medalların sayı ildən-ilə artır. Ölkədə idman və Olimpiya hərəkatının təbliği və inkişafında, eləcə də uğurlu nəticələrin əldə olunmasında federasiyaların üzərinə böyük məsuliyyət düşür. Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) da yarandığı ilk gündən üzərinə düşən öhdəliklərin ciddi və məsuliyyətli olmasını anlayaraq işini günün tələbləri səviyyəsində qurub. Yaranmasından qısa müddət ötməsinə baxmayaraq, federasiyanın gördüyü işlər, əldə etdiyi uğurlar və həyata keçirdiyi layihələr artıq öz bəhrəsini verir. Federasiya ölkəmizdə velosiped idmanının inkişaf etdirilməsi və velosipedçi idmançılarımızın Olimpiya Oyunlarında və digər mötəbər beynəlxalq yarışlarda iştirak istiqamətində mühüm işlər görür. Ölkəmizdə, xüsusilə də gənclər arasında velosiped idman növünün kütləviləşdirilməsi, həmçinin onların sağlam ruhda tərbiyə olunması adıçəkilən federasiyanın fəaliyyətinin prioritet istiqamətlərindəndir.

Hazırda ölkəmizdə velosiped idmanı Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbində, "Neftçi” İdman-Sağlamlıq Mərkəzində, Sumqayıt Velosiped İdman Klubunda, 8 saylı İdman Olimpiya Məktəbində, "Lokomotiv” İdman Cəmiyyətində, "Sərhədçi” İdman Olimpiya Mərkəzində, İsmayıllı və Oğuz rayonlarında inkişaf etdirilir. Federasiya ölkəmizdə fəaliyyət göstərən velosiped idmanı məktəblərinə və klublarına daim dəstək göstərir, idmançılarımızın ölkəmizi beynəlxalq yarışlarda təmsil etmələri üçün konkret layihələr və tədbirlər həyata keçirir. Velosiped idmanının təbliği və inkişafı məqsədilə ötən il mayında Şıxov ərazisində ümumi sahəsi 30 hektardan çox olan Velopark istifadəyə verilib. Burada salınan və sahəsi 28 min kvadratmetr olan BMX veloparkında yarışların keçirilməsi üçün maneəli meydança qurulub. Meydançada yaradılan şərait Beynəlxalq Velosipedçilər İttifaqının standartlarına tam uyğundur. Bundan başqa, Xocahəsəndə müasir standartlara uyğun Dağ Velosipedi Parkı da inşa edilib.
Fərəhli haldır ki, "Synergy Baku Cycling Project” kontinental komandasının üzvü Maksim Averin bu ilin avqustunda Braziliyanın Rio-de-Janeyroda keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.

Mövsümə uğurlu start verilib

2015-ci il mövsümü Azərbaycan Velosiped İdmanı Federasiyası üçün elə ilk aylardan uğurlu başlayıb. Belə ki, təmsilçimiz Olqa İsmayılova fevralın əvvəlində Fransada velosiped idmanının trek növü üzrə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1-ci kateqoriyalı "Fenioux Piste International” turnirində birinci yeri tutub.
İlk yarış günü keyrin növündə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxan yığma komandamızın lideri Olqa İsmayılova 200 metr məsafəyə sprint yürüşündə də məğlubedilməz olub. Bununla da velosipedçimiz "Fenioux Piste International” turnirində 2-ci qızıl medala yiyələnib.
İdmançılarımız yenə fevral ayında Portuqaliyada təşkil olunan nüfuzlu yarışda 2 qızıl və 1 bürünc medal əldə ediblər. Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Trofeu CAR Anadia” turnirində 10 ölkənin 100-dən artıq idmançısı mübarizə aparıb. Qızıl medalları ölkəmizə yığma komandamızın lideri Olqa İsmayılova gətirib. Təmsilçimiz həm 200, həm də 500 metr məsafəyə mübarizədə bütün rəqiblərini qabaqlamaqla hər iki növdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O.İsmayılova yanvar ayında Kolumbiyada da təşkil edilən Dünya kubokunun 3-cü mərhələ yarışlarında isə 5-ci nəticə göstərib. "Trofeu CAR Anadia” turniri yığmamızın gənc üzvü Nicat Niftəliyev üçün xüsusilə əlamətdar olub - 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin yetirməsi olan velosipedçimiz 200 metr məsafəyə sprint yarışında bürünc medal əldə edib. Qeyd edək ki, bu gələcəyinə böyük ümidlər bəslənilən 18 yaşlı Nicatın beynəlxalq yarışlarda qazandığı ilk medal olub. 

 Mart ayının əvvəlində velosipedçilərimiz gələn il Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziya xallarını toplayıblar. Belə ki, Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku” Xorvatiyada təşkil olunan Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük "İzola” Qran-Prisində olimpiadaya ilk lisenziya xallarını qazanıb. Yarışda 8 velosipedçi ilə təmsil olunan komanda üzvlərimizdən ən yüksək nəticəyə Maksim Averin imza atıb. Yığma komandamızın üzvü 160.3 km-dən ibarət marşrutu qalibdən 1 dəqiqə, 14 saniyə sonra başa vurmaqla yekunda 5-ci yeri tutub və aktivinə 10 reytinq xalı yazıb. Averin həmçinin sprinterlərin mübarizəsində 2-ci olub. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, yay Olimpiya Oyunlarından əvvəlki il də daxil olmaqla, velosipedçilər təmsil etdikləri qitənin beynəlxalq yarışlarında mübarizə aparmaqla 4 ildən bir keçirilən dünyanın mötəbər idman yarışına lisenziya xalları toplayırlar. Azərbaycanın şosse velosipedi üzrə Elit yığması və "Synergy Baku” kontinental komandasının üzvü Maksim Averin növbəti lisenziya xalını yenə də Xorvatiyanın ev sahibliyi etdiyi 1.2 kateqoriyalı birgünlük "Umag Trophy” yürüşündə əldə edib. Yarışda uğurla çıxış edən velosipedçimiz 161 km məsafəni 3 saat, 25 dəqiqə, 16 saniyəyə başa vuraraq 2-ci yeri tutub. Bu isə Maksim Averinə Rio-2016 Yay Olimpiya Oyunları üçün aktivinə daha 30 reytinq xalı yazmağa imkan verib. İdmançımız martın 1-də Xorvatiyada təşkil olunmuş digər yarış - "İzola” Qran-Prisində 5-ci olmaqla 10 xal qazanmışdı.

Martın 7-də Xorvatiyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı "Porec Trophy” yürüşü keçirilib. Yarışda Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku” da mübarizə aparıb. Birgünlük yarışda iştirakçılar 143 km məsafə qət ediblər. Qeyd edək ki, 2014-cü ildə "Porec Trophy” turnirinin qalibi, Azərbaycanın Elit yığması və "Synergy Baku”nun üzvü Maksim Averin də bu yarışda mübarizə aparıb. İsmayıl İlyasov, Markus Eybeger, Yannis Tamuridis və Dennis van Vindenin uğurlu komanda işinin nəticəsi olaraq Maksim finişə yaxın ərazidə sprint mövqeyinə çıxıb və yürüşü 3 saat, 25 dəqiqə, 59 saniyəyə başa vuran pelotonun içərisində olub. Fotofinişə əsasən, velosipedçimiz 3-cü yeri tutub. Bu isə ona Rio-2016 Yay Olimpiya Oyunlarına daha 16 lisenziya xalı qazanmağa imkan verib. Maksim Averin "İzola” Qran-Prisində 5-ci olmaqla 10, "Umag Trophy” yürüşündə isə 2-ci olmaqla 30 lisenziya xalı qazanıb.



"Synergy Baku”nun möhtəşəm qələbəsi

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku” 2015-ci ildə ilk qələbəsini Xorvatiyada qazanıb. 30 komandanın iştirakı ilə təşkil edilən Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "İstrian Spring Trophy” yürüşü komandamızın üzvü Markus Eybegerin çempionluğu ilə yadda qalıb.
Xorvatiyada Maksim Averin, İsmayıl İlyasov, Markus Eybeger, Dennis van Vinden və Yannis Tamuridisdən ibarət heyətlə yarışan "Synergy Baku” əla komanda yarışı nümayiş etdirib. Birinci mərhələdə 2-ci, ikinci mərhələdə isə 1-ci olmaqla ümumi liderliyi ələ keçirən M.Eybeger üçün sonuncu yarış günü də uğurlu olub. İdmançımız sonuncu mərhələdə 49-cu yeri tutsa da ən yaxın izləyicisi, Rusiyanın "İtera-Katyuşa” komandasının üzvü Sergey Nikolayev ilə 8 saniyəlik fərqi qoruyub və bununla da yarışın qalibinə verilən "sarı köynəyi” qazanmaqla "Synergy Baku”ya 2015-ci ildə ilk çempionluq sevinci yaşadıb. 2015-ci ildə Velosiped İdmanı Federasiyası üçün əlamətdar və mötəbər yarışlardan biri də ölkəmizdə keçirilən "Tour d’Azerbaidjan-2015” mərhələ yarışları olub. Azərbaycanın "Synergy Baku” komandası ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan bu yarışın qalibi adını qazanıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Veloparkın açılış mərasimi zamanı ölkəmizin kontinental velosiped komndası "Synergy Baku Cycling Project” komandasının üzvləri ilə görüşüb. Komandanın üzvləri onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Paytaxt da daxil olmaqla, ölkəmizin 7 bölgəsini əhatə edən və uğurla başa çatan bu yarışda Aleksandr Surutkoviç "Dağ kralı” köynəyini qazanıb, Matey Müqerli üçüncü yeri tutub. Ölkəmizin ən məşhur velosipedçilərindən olan Maksim Averin isə öz çıxışı ilə Rio Olimpiadasına daha 22 reytinq xalı qazanıb.



Mayın ayının əvvəlində təşkil edilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2015” beynəlxalq veloyürüşündə dünyanın 24 ölkəsindən 25 komanda qüvvəsini sınayıb. Qeyd edək ki, "Tour d’Azerbaidjan-2015” veloyürüşü Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları verirdi. Ümumilikdə 5 mərhələdən ibarət yarışın qalibi adını Azərbaycanın "Synergy Baku” komandası qazanıb. Ötən ilin iyun ayında ölkəmizdə keçirilən I Avropa Oyunlarında velosiped idmanının 3 növü - şosse, dağ velosipedi və BMX üzrə yarışlar nümayiş olunub. Azərbaycan Avropa Oyunlarında ümumilikdə 6 velosipedçi ilə təmsil olunub. Təmsilçilərimiz arasında ən yaxşı nəticəni qadın şosse velosipedçimiz Yelena Pavluxina göstərib - o fərdi ötüşmə yarışlarında 6-cı yeri tutub. Ötən ilin iyununda Slovakiyada keçirilən 2.1 kateqoriyalı "Tour of Slovakia” yürüşündə ölkəmizi (Synergy Baku) komandası təmsil edib. Maksim Averin 1-ci mərhələ yarışlarında 2-ci yeri tutmaqla 5 lisenziya xalını qazanıb. Təmsilçimiz 2-ci mərhələdə finiş xəttini 1-ci keçməklə 8 lisenziya xalına sahib olub.


İyulun 20-də Azərbaycanın şosse velosipedi üzrə gənclərdən ibarət yığma komandasının dörd üzvü - Musa Mikayılzadə, Tərlan Məmmədov, Kənan Qəhrəmanlı və Xəlil Xəlilov Slovakiyada keçirilən sayca 52-ci "Beynəlxalq Velosiped Günü” turnirində mübarizə aparıblar. 10 ölkədən 117 velosipedçinin iştirak etdiyi yarışda təmsilçilərimizdən ən yüksək nəticəyə Musa Mikayılzadə imza atıb - 8-ci yer. Elə həmin gün keçirilən kriterium ötüşməsində də təmsilçimiz Kənan Qəhrəmanlı da finişi 8-ci keçib. Həmyerlimiz ikinci yarış günündə isə 84 km məsafəyə qrup ötüşməsində 12-ci olub. Bu nəticə velosipedçimizə ümumi təsnifat mərhələsində 6-cı yeri tutmağa imkan verib.
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project” iyulun 5-18-də Çində keçirilən sayca 14-cü "Tour de Qinghai Lake” yürüşündə ölkəmizi layiqincə təmsil ediblər. Nüfuzlu yarışda "Synergy Baku” 7 velosipedçi ilə təmsil olunub. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 23 komanda iştirak edib ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 19 kontinental klub olub. Təmsilçimiz Matey Müqerli 7-ci mərhələdə fəxri kürsünün 3-cü pilləsində qərar tutub.
Təqvim planına görə, ötən ilin avqust ayında "Synergy Baku” komandasının mübarizə apardığı və Ukraynada təşkil edilən 1.2 kateqoriyalı "Odessa Grand-Prix-1” yürüşündə velosipedçilərimiz Matey Müqerli ən yaxşı nəticə göstərib - 2-ci yer. Digər idmançımız Maksım Averin isə 8-ci yeri tutmaqla 3 lisenziya xalı əldə edib. Yenə avqust ayında və Ukraynada keçirilən 2-ci kateqoriyalı "Galichyna” Qran-Pri yarışlarında təmsilçimizlər Sergey Omelçenko və Yelena Pavluxina fərqləniblər. Sergey Omelçenko 500 metr məsafəya yarışda 1-ci olmağı bacarıb. O, 200 metr məsafəyə və keyrin yarışlarında 2-ci olub. Qadın təmsilçimiz Yelena Pavluxina skretçdə 2-ci yeri tutub. 



Sentyabr ayının əvvəli də Azərbaycanın "Synergy Baku” kontinental komandası üçün uğurlu nəticələrlə yadda qalıb. Belə ki, təmsilçilərimiz Çex Respublikası və İtaliyada təşkil olunan yarışlarda uğurlu nəticələr əldə ediblər. Çexiyada təşkil edilən Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı, 3 mərhələdən ibarət "East Bohemia Tour” veloyürüşündə "Synergy Baku” komandasının 6 üzvü - Elçin Əsədov, Maksim Averin, Matey Müqerli, Yannis Tamuridis, Markus Eybeger və Aleksandr Surutkoviç iştirak edib. 158 km-lik ilk mərhələdə Maksim Averin 6-cı, Yannis Tamuridis isə 8-ci nəticə göstərib. 178 km-dən ibarət sonuncu mərhələdə isə nəticə daha yüksək olub: məsafəni mərhələ qalibindən 6 saniyə sonra başa vuran Matey Müqerli finiş xəttini 2-ci keçib - 4 saat, 13 dəqiqə, 51 saniyə. Markus Eybeger 6-cı, Maksim Averin isə 10-cu olub.
Sentyabrın 10-12-də İtaliyada təşkil edilən 2.2 kateqoriyalı "Giro della Regione Friuli Venezia Giulia” veloyürüşündə isə yığma komandalarımızın 4 üzvü - Samir Cəbrayılov, Tural İsgəndərov, Elgün Əlizadə və İsmayıl İlyasov mübarizə aparıb. Yarışın sonuncu, 3-cü mərhələsində 168 km məsafəni 3 saat, 56 dəqiqə, 10 saniyəyə qət edən Samir Cəbrayılov bununla da fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Perspektivli velosipedçilərimiz yetərincədir

Azərbaycan velosipedçiləri beynəlxalq yarışlardan başqa, ölkəmizdə təşkil edilən kubok və çempionatlarda da qüvvələrini sınayıblar. Belə ki, sentyabrın 8-də Azərbaycan Velosiped İdmanı Federasiyasının 2015-ci il üçün təqvim-planına uyğun olaraq, Pirallahı rayonu ərazisində şosse velosipedi üzrə fərdi və cüt ötüş yarışları üzrə Azərbaycan çempionatı keçirilib. Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edilən yarışda 70-ə yaxın idmançı mübarizə aparıb.
Fərdi yarışlarda 15 yaşa qədər velosipedçilər arasında 8 km məsafəni hamıdan tez "Atasport” klubunun təmsilçisi Ramazan Əliyev qət edib. 17 yaşlılar arasında "Lokomotiv” klubunun nümayəndəsi Kərim Şirəliyev 11,5 km-lik marşrutda birinci olub. 15 km məsafəyə yarışan Elit, U-23 və gənclər kateqoriyasında isə Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin idmançısı Ayxan İltifatlı hamıdan yüksək nəticə göstərib. 
Cüt ötüşməyə gəlincə, 15 yaşlılar arasında "Atasport” və İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin yetirmələri Ramazan Əliyev və Qadir Mustafayevdən ibarət duet 15 km məsafəni ən yaxşı göstərici ilə tamamlayıblar. Müvafiq olaraq "Lokomotiv” və 8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbini təmsil edən Kərim Şirəliyevlə Mikayıl Səfərli 17 yaşlılar arasında 20 km məsafəyə mübarizədə Azərbaycan çempionu adına layiq görülüblər. Və nəhayət, Elit, U-23 və gənclər arasında birinci yeri "Lokomotiv” klubunun velosipedçiləri tutublar - Məhəmməd Ələkbərov və Musa Mikayılzadədən ibarət cütlük 25 km məsafəni hamıdan tez qət edib.

Sentyabrın 12-də isə Azərbaycan Velosiped İdmanı Federasiyasının Dağ Velosipedi Parkında Açıq Federasiya Kubokunun 2-ci mərhələsi keçirilib. Yarışda peşəkar idmançılarla yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak ediblər. Reqlamentə əsasən, Elit və U-23 yaş kateqoriyasında mübarizə aparan iştirakçılar 2.1 km-lik marşrut boyunca 7 dövrə vurublar. Bu yaş qrupunda çempion adını Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin təmsilçisi Aqşin İsmayılov qazanıb. Gənclər və U-17 yaş qrupunun velosipedçilərinin mübarizəsində Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin velosipedçisi Samir Şıxəlizadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Üç dövrə mübarizə aparan 15 yaşadək idmançılar arasında Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbini təmsil edən Osman Qəhrəmanov fərqlənib.
Oktyabrın 27-də Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə Dağ Velosipedi Parkında Açıq Federasiya Kubokunun sonuncu - 3-cü mərhələsi keçirilib. Yarışda peşəkar idmançılarla yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak ediblər.



Elit, U-23 və gənclər kateqoriyasında mübarizə aparan iştirakçılar 2.1 km-lik marşrut boyunca 7, U-17 yaş qrupunun velosipedçiləri 5, 15 yaşadək olan idmançılar isə 3 dövrə vurublar. Ümumilikdə 50-dən artıq idmançının iştirak etdiyi yarış kifayət qədər maraqlı mübarizə şəraitində keçib. Mərhələnin qaliblərinə gəlincə, 15 yaşlı velosipedçilər arasında İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin nümayəndəsi Qadir Mustafayev finiş xəttini birinci keçib. Amma 3 mərhələnin yekununa əsasən, onun komanda yoldaşı Osman Qəhrəmanov Federasiya kubokunun qalibi adını qazanıb. "Lokomotiv” klubunun təmsilçisi Musa Mikayılzadə də bu mərhələni qalib kimi başa vursa da, bu, yekunda birinci olmaq üçün yetərli olmayıb. Qeyd olunan yaş qrupunda İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin velosipedçisi Samir Şıxəlizadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Elit, U-23 və gənclər arasında isə, gözlənildiyi kimi, İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbindən Aqşin İsmayılov bu mərhələdə hamıdan güclü olub. Amma 3 mərhələnin yekununda qeyd olunan məktəbin üzvü Orxan Məmmədov Federasiya kubokunu başı üzərinə qaldırıb. Fərqlənənlər medal, diplom, kubok və pul mükafaı ilə təltif ediliblər. Oktyabrın sonlarında Respublika Velotrekində çoxgünlük ötüşmə yarışları üzrə Federasiya kuboku yarışlarında federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 60-dan artıq idmançısı iştirak edib. Üç gün ərzində keçirilən yarışlarda 15 və 17 yaşa qədər velosipedçilər arasında İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin nümayəndələri Qadir Mustafayev və Bakir Dadaşov, müvafiq olaraq, 23 və 24 xalla Federasiya kubokunun qalibi adını qazanıblar.
Elit, U-23 və gənclər kateqoriyasında isə "Lokomotiv” klubunu təmsil edən Tural İsgəndərov 25 xalla hamıdan güclü olub. Qaliblər federasiya tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.



AzVİF-in vitse-prezidenti ölkəmizi konqresdə təmsil edib

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Beynəlxalq Velosipedçilər İttifaqının sentyabrın 30-da ABŞ-ın Riçmond şəhərində keçirilən illik Konqresində ölkəmizi təmsil edib. Rəhbər Komitənin iclasında çıxış edən Avropa Velosipedçilər İttifaqının Prezidenti David Lappartien sonuncu dəfə Komitənin Avropa Oyunları zamanı Bakıda toplandığını xatırladaraq, Bakı-2015 ilk Avropa Oyunlarının çox yüksək səviyyədə təşkilini diqqətə çatdırıb. David Lappartien Avropa Velosipedçilər İttifaqı adından I Avropa Oyunları çərçivəsində keçirilən velosiped yarışlarının təşkilində yüksək fəallığa görə Azərbaycan Velosiped İdmanı Federasiyasına (AVİF) dərin təşəkkürünü bildirib. Qeyd edək ki, 50 milli federasiyanı özündə birləşdirən Avropa Velosipedçilər İttifaqı Konqresdə 14 nəfərlə təmsil olunurdu ki, onlardan biri məhz AzVİF-in vitse-prezidenti Sahib Ələkbərov olub.
Konqres ərəfəsində ABŞ-ın Riçmond şəhərində keçirilən şosse velosipedi üzrə dünya çempionatında Azərbaycanı yeniyetmələr və 23 yaşadək olan idmançılarımızdan Musa Mikayılzadə, Kənan Qəhrəmanlı, Tərlan Məmmədov və Samir Cəbrayılov təmsil edib. Qadınlar arasında komanda ötüşmələrində isə Sloveniyanın "Lyublyana” komandasının tərkibində çıxış edən Azərbaycan velosipedçisi Yelena Pavluxina kifayət qədər yüksək nəticə göstərərək 8-ci yerə çıxıb.

Hər il ənənəvi olaraq veloyürüş təşkil olunur

Azərbaycan Velosiped İdmanı Federasiyası hər il 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə ənənəvi veloyürüş təşkil edir. Ötən il də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Bayrağımız - qürur mənbəyimizdir!” devizi altında veloyürüş keçirilib. Yürüşdə Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığma komandalarının üzvləri ilə yanaşı, 200-dən artıq həvəskar velosipedçi 16,5 km məsafə qət edib.
Oktyabrın 19-da Azərbaycanın şosse velosipedi üzrə qadınlardan ibarət yığma komandasının üzvü Yelena Pavluxina Fransada keçirilən "Chrono des Nations” veloyürüşündə uğurla çıxış edib. Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan və fərdi ötüş sistemi üzrə keçirilən yarışlarda velosipedçilər 21 km məsafə qət ediblər. Velosipedçimiz bu məsafəni 29 dəqiqə, 31 saniyəyə qət edərək yekunda 5-ci yeri tutub və Rio-2016-ya 30 lisenziya xalı qazanıb.

Məktəblilərin "Olimpiya Hərəkatı”

AzVİF ötən il "Olimpiya hərəkatı” layihəsi çərçivəsində keçirilən məktəblilərin Bakı şəhər birinciliyi üzrə yarışların təşkilində də fəal iştirak edib. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil, Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən və "Coca-Cola” şirkəti tərəfindən maliyyə dəstəyi ilə keçirilən birinciliyin proqramına velosiped, basketbol (3x3), badminton və yüngül atletika idman növləri daxil edilmişdi. Proqrama əsasən, əvvəlcə məktəbdaxili yarışlar həyata keçirilməli və sonra rayonlar arasında ən güclülər müəyyənləşdirilməli idi. Bu mübarizədən qalib çıxanlar Bakı şəhəri üzrə ən güclü komandaların bəlli olacağı final mərhələsində iştirak etmək hüququ əldə ediblər.
Noyabr ayında Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı paytaxın bir neçə rayonunda "Məktəblilər hərəkatı” adı altında yarış keçirilib. Bakının Qaradağ, Səbail, Suraxanı, Xətai, Nəsimi, Nizami, Nərimanov və digər rayon məktəbliləri arasında keçirilən yarışın təşkil edilməsində məqsəd yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması olub. Hər komandanın heyətində 3 oğlan və 1 qız yer alıb. Reqlamentə görə, kollektivlər 800 metrlik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Bu yarışlarda ilk 3 yeri tutan komandalar isə bu ilin yanvar ayında keçiriləcək Bakı şəhər çempionatının final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Ötən ilin ən yaxşı ıelosipedçiləri müəyyənləşdirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası 2015-ci ildə keçirilmiş şosse yarışlarının nəticəsinə əsasən, öz yaş qrupunda reytinq sıralanmasına başçılıq edən velosipedçiləri xüsusi "çempion” köynəyi və xatirə hədiyyələri ilə təltif edib. Mövsümün yekunu olaraq U-15, U-17 və gənclər kateqoriyasında 1-ci yerə 8 saylı İdman Olimpiya Məktəbinin yetirmələri layiq görülüb:
U-15 David Proherkus - 86 xal (8 saylı OEQİUGM)
U-17 Mikayıl Səfərli - 81 xal (8 saylı OEQİUGM)
Gənclər Kənan Qəhrəmanlı - 134 xal (8 saylı OEQİUGM)

Velosipedçimiz Rio-2016-ya lisenziya qazanıb

Azərbaycanın şosse velosipedi üzrə yığmasının və "Synergy Baku Cycling Project” kontinental komandasının üzvü Maksim Averin bu ilin avqustunda Braziliyanın Rio-de-Janeyroda keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.
Bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təsdiq məktubu göndərilib. Maksim Averin mötəbər idman yarışında ölkəmizi qrup yarışlarında təmsil edəcək.
Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, yay Olimpiya Oyunlarından əvvəkli il ərzində velosipedçilər təmsil etdikləri qitələr üzrə klub və yığma səviyyəsində yarışlarda iştirak etməklə olimpiadaya lisenziya xalları toplayırlar. 2015-ci ildə "Synergy Baku”nun heyətində bir sıra yarışlarda uğurla çıxış edən Maksim Averin ümumilikdə 158 lisenziya xalı toplayıb ki, bu da ona Rio-2016 Olimpiadasında qrup yarışları üzrə mübarizə aparacaq 142 velosipedçi sırasına düşmək imkanı verib.

Məlumat üçün onu da bildirək ki, Maksim Averinin atası, Azərbaycan velosiped məktəbinin yetirməsi, 1978-ci il Dünya Turunun qalibi Aleksandr Averin SSRİ yığma komandasının heyətində Monreal-1976 Yay Olimpiya Oyunlarında iştirak edib.

Qarşıda velosipedçilərimizi başda Rio-2016 Yay Olimpiya Oyunları daxil olmaqla, bir sıra mötəbər yarışlar gözləyir. İdmançılarımız ölkə səviyyəli birincilik və yarışlarda qüvvələrini sınayacaqlar. İnanırıq ki, Azərbaycanda nümunəvi federasiyalardan biri olan Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinin yüksək təşkilatçılığı sayəsində idmançılarımız ölkəmizi yerli və beynəlxalq səviyyəli yarışlarda layiqincə təmsil edəcəklər.