Azərbaycan idmançıları Olimpiya oyunlarında

Azərbaycan idmançıları Olimpiya oyunlarında

Əvvəli: http://olimpnews.az/8159/get+Az%C9%99rbaycan+idman%C3%A7%C4%B1lar%C4%B1+Olimpiya+oyunlar%C4%B1nda#.V3ZbN9R974Y 

Qədim idman ənənələrinə malik olan Azərbaycan Olimpiya Oyunlarında 1952-ci ildən iştirak edir. İdmançılarımız Olimpiya Oyunlarında 1952-ci ildən 1992-ci ilə kimi ölkəmizi SSRİ yığmasının tərkibində təmsil ediblər. Azərbaycan 1996-cı ildən etibarən Olimpiya oyunlarında müstəqil ölkə kimi təmsil olunur. Təmsilçilərimiz indiyə qədər 5 yay (Atlanta-1996, Sidney-2000, Afina-2004, Pekin-2008, London-2012) və 5 qış (Naqano-1998, Solt-Leyk-Siti-2002, Turin-2006, Vankuver-2010, Soçi-2014) Olimpiya Oyunlarında iştirak ediblər.

XXIV Yay Olimpiya Oyunları, Seul- 1988
SSRİ yığma komandasının tərkibinə Azərbaycandan 18 nəfər idmançı daxil edilmişdi. Onlardan iki nəfəri qılıncoynadan (İlqar Məmmədov və Boris Koretski), 11 nəfər avarçəkən idi. Bundan başqa, komandanın təkibində futbolçu İqor Ponomaryov, stend atıcısı Valeri Timoxin, stolüstü tennisçi Valentina Popova, həndbolçu Yelena Quseva və güləşçi Məhyəddin Allahverdiyev də yığmanın tərkibində yer almışdı. Seul Olimpiadasında Azərbaycan idmançıları altı medal qazandılar: İlqar Məmmədov, Boris Koretski və İqor Ponomaryov qızıl medal, Aleksandr Lukyanov (avarçəkmə) və Yelena Quseva bürünc isə medal qazandılar.

XXV Yay Olimpiya Oyunları, Barselona-1992
1992-ci ildə keçiriləcək XXV Yay Olimpiya Oyunları ərəfəsində dünyanın siyasi xəritəsi dəyişdi. 1991-ci ilin sonunda SSRİ-nin dövlət quruluşu məhv oldu. Onun tərkibinə daxil olan müttəfiq respublikalar müstəqillik qazandı. Suverenlik əldə etmiş respublikalar öz milli olimpiya komitələrini yaratsalar da, 1992-ci ildə Beynəlxalq Olimpiya Komitəsi bu komitələrdən çoxunu tanımırdı. Bu da müstəqil dövlətlərin böyük əksəriyyətinin Olimpiya oyunlarında sərbəst iştirak etmək hüququnun olmadığını göstərirdi. Buna görə də keçmiş SSRİ-nin tərkibində olan 15 müttəfiq respublika Olimpiya oyunlarında Müstəqil Dövlətlər Birliyinin (MDB) komandası adı altında çıxış etdi.
Komandamız açılış mərasimində təşkil olunan paradda tribunanın qarşısından üçrəngli Azərbaycan bayrağı altında keçirdi. Azərbaycanı Barselonada 1992-də 5 idmançımız - Nazim Hüseynov (cüdo), Valerii Belenki (gimnastika), İlqar Məmmədov (qılıncoynatma), Valeri Timoxin (stend atıcılığı), Valentina Popova (tennis) təmsil edirdilər.
İdmançılarımız arasında qızıl medal Nazim Hüseynov qazandı. İlk dəfə dünyanın ən mötəbər idman yarışında Azərbaycan bayrağı qaldırıldı və himnimiz səsləndi.
Azərbaycan gimnastı Valeri Belenki komanda yarışında Olimpiya qızılına sahib oldu. İdmançımız şəxsi birincilikdə isə bürünc medala layiq görüldü.


XXVI Yay Olimpiya Oyunları, Atlanta - 1996
Atlanta Olimpiadasında 197 ölkədən 10788 idmançı iştirak edirdi. Onlar idmanın 26 növü üzrə 271 medal dəsti uğrunda mübarizə aparırdılar. Azərbaycan yarışlarda 4 yüngül atlet (Elvira Cabbarova, Arif Axundov, Vasif Əsədov, Aleksey Fatyanov), 2 yunan-Roma güləşçisi (Vilayət Ağayev və Tahir Zahidov), 6 sərbəst güləşçi (Namiq Abdullayev, Arif Abdullayev, Eyvaz Allahverdiyev, Məmmədsalam Hacıyev, Məhəmməd İbrahimov, Davud Məhəmmədov), 2 cüdoçu ( Nazim Hüseynov, Zülfiyyə Hüseynova), 2 boksçu (Ədalət Məmmədov, İlham Kərimov), 2 ağır atlet (Asif Məlikov, Tofiq Heydərov), qılıncoynadan Elxan Məmmədov, üzgüçü Emin Quliyev, suya tullanan Emin Cəbrayılov, atıcılar İradə Aşumova və Sergey Timoxin ilə təmsil olunurdu.
Komandamızın ən yüngül çəkili güləşçisi, ikiqat Avropa çempionu Namiq Abdullayev ona olan ümidləri doğrultdu. Namiqin əldə etdiyi gümüş medal Azərbaycan pəhləvanlarının Olimpiya oyunlarında sərbəst güləş üzrə qazandıqları ikinci, müstəqil Azərbaycan bayrağı altında əldə edilmiş birinci medal idi.
Atlanta Olimpiya Oyunlarında 23 idmançı ilə təmsil olunan Azərbaycan komandası 197 ölkə arasında 61-ci yeri tutdu.

XXVII Yay Olimpiya Oyunları, Sidney - 2000
199 ölkənin qatıldığı növbəti XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan müstəqil dövlət kimi ikinci dəfə iştirak edirdi. Ölkəmiz Sidneydə 31 idmançı ilə təmsil olunurdu.
Azərbaycan idmançıları cüdo, üzgüçülük, atıcılıq, boks, yüngül atletika, ağırlıqqaldırma, suyatullanma və güləş yarışlarında güclərini sınayırdılar. Atletlərimiz cüdo, boks, güləş, atıcılıq yarışlarında uğurlu nəticələr göstərdilər. Azərbaycan komandasına ilk medalı qadınlar arasında stend atıcılığı yarışlarında Zemfira Meftahətdinova qazandırdı.
Onun çıxış etdiyi idman növü ilk dəfə olaraq Olimpiya oyunlarının proqramına daxil edilmişdi. Zemfira bu növdə iki Olimpiya rekordu müəyyən etdi. Ölkəmizə ikinci qızıl medalı Atlanta Oyunlarının gümüş mükafatçısı, güləşçi Namiq Abdullayev gətirdi. Sidney-2000 Yay Olimpiya Oyunlarında Azərbaycan boksunun səlnaməsinə də ilk Olimpiya medalı yazıldı. 19 yaşlı gənc boksçu Vüqar Ələkbərov bürünc medala sahib oldu.
İki qızıl və bir bürünc medalı olan Azərbaycan medal alan ölkələr arasında 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutdu.

XXVIII Yay Olimpiya Oyunları, Afina - 2004
Afina-2004 Olimpiya Oyunları Azərbaycan idmanının yeni şanlı səhifəsini yazdı. 21-ci minilliyin ilk Olimpiya oyunlarında 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıtdı. Bu oyunlarda BOK-un üzvü olan 204 ölkədən 202-si iştirak edirdi.
Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində yarışan 22 yaşlı Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görüldü. Atıcılıq üzrə yarışlarda kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açmada İradə Aşumova və stend atıcılığı üzrə təmsilçimiz, Sidney-2000 Olimpiadasının qızıl mükafatçısı Zemfira Meftahətdinova Azərbaycan yığmasının hesabına iki bürünc medal yazdırdılar.
Afinada Azərbaycan boksçuları da uğurla mübarizə apardılar. Gənc boksçular Ağası Məmmədov və Fuad Aslanov rinqdə qənaətbəxş çıxış etdilər. Onların hər ikisi Afina Olimpiadasının 3-cü pilləsində yer aldılar.

Dilqəm Quliyev,
professor

(ardı var)