Rüstəm Orucov: “Gümüş medalı Azərbaycan xalqına həsr edirəm” - MÜSAHİBƏ

Rüstəm Orucov: “Gümüş medalı Azərbaycan xalqına həsr edirəm” - MÜSAHİBƏ


73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov finalda yaponiyalı Şohei Onoya məğlub olaraq, gümüş medalla kifayətləndi. Olimpnews.az saytının məlumatına görə, cüdoçumuz mükafatlandırma mərasimindən sonra "Olimpiya dünyası" qəzetinə eksklüziv müsahibə verdi.

- Rüstəm, əvvəlcə səni təbrik edirik. Sən bu gün əldə etdiyin gümüş medalla xalqımıza sevinc bəxş etdin. Çıxışın barədə nə deyə bilərsən?

- Olimpiya Oyunlarında bütün rəqiblərim güclü idi. Onların hər biri Rio-2016 Olimpiadasına yüksək səviyyədə hazırlaşmışdılar. Yarımfinalda İsrail idmançısı ilə qarşılaşacağımı düşünürdüm. Bu, belə də oldu. O, reytinq cədvəlinin 7-ci pilləsində qərarlaşırdı. Amma digər görüşlərdəki rəqiblərim mənim üçün gözlənilməz oldu. Düzünü desəm, 1/4 finalda özbəkistanlı idmançı ilə qarşılaşacağımı gözləyirdim. Lakin elə oldu ki, macarıstanlı cüdoçu Özbəkistan təmsilçisinə qalib gəldi. Sözsüz ki, ən çətin rəqibim finaldakı yaponiyalı idmançı oldu. Həmin cüdoçu ilə buna qədər iki dəfə qarşılaşmışdım. Onun güclü olduğunu çoxdan bilirdim. Çünki buna qədər həmin idmançı ilə tatami də üz-üzə gəlmişəm. Üçüncü görüşümüz Rio-2016 Olipimadasına təsadüf etdi. Finaldakı qarşılaşmada qızıl medal onun, gümüş medal isə mənim oldu. Buna görə heyfislənirəm. Qızıl medal qazanmaq da mümkün idi. Lakin təşəbbüsü əldən verməyim məni çempionluqdan uzaqlaşdırdı.

- Sən Rio-2016 Yay Olimpiya Oyunlarında ilk medal qazanan idmançımız oldun. Bunu necə dəyərləndirirsən?

- Bu mənim üçün böyük sevincdir. Azərbaycan Olimpiya yığmasına ilk medalı mən qazandırdım. Mənə göstərilən etmadı doğrultmağa çalışdım. Bu gümüş mükafata görə ölkəmiz medal əldə edən ölkələr sırasına daxil oldu. Gümüş medalı Azərbaycan xalqına həsr edirəm.

- Rüstəm, sənin son illərdəki çıxışına nəzər salanda görürük ki, 2016-cı il karyeranda yaddaqalan olub.

- Bəli. Bununla tamamilə razıyam. 2016-cı il mənim üçün düşərli oldu. Olimpiadaya qədər bir sıra yarışlarda uğurla çıxış etdim. Belə ki, Qran-pri və «Böyük dəbilqə» turnirlərində mükafatçılar sırasında yer aldım. Kazanda keçirilən qitə çempionatında isə Avropa çempionu adına layiq görüldüm. Bu nailiyyətlər Rio-2016-ya gedən yolda mənə böyük stimul verdi. Mən Olimpiya Oyunlarının gümüş mükafatçısıyam.

- Sən London-2012 Yay Olimpiya Oyunlarında da iştirak etmişdin. Lakin həmin olimpiadada təcrübən az idi. Bununla razılaşırsan?

- Düzdür. Sizinlə razıyam. 2012-ci ildə yaxşı formada olsam da, təcrübəm az idi. Həmin vaxt Olimpiya Oyunlarında iştirak etmək üçün ilk 22-liyə düşə bilmədim. Belə olan halda Avropadan iki idmançıya güzəştli kart («Wild-card») verildi. Mənə də güzəştli kart verildiyinə görə, olimpiadada iştirak etdim. Həmin yarışda ilk mərhələdə Avstraliya cüdoçusuna qalib gəldim. Təəssüf ki, 1/8 finalda rusiyalı idmançı Mansur İsayevə məğlub olaraq yarışla vidalaşdım. Həmin vaxt elə həmin idmançı 73 kq çəki dərəcəsində Olimpiya çempionu oldu.

- Rüstəm, sənin çıxış etdiyin çəki dərəcəsində Elnur Məmmədli Pekin-2008-də komandamıza qızıl medal qazandırmışdı. Səncə, 73 kq çəki dərəcəsini cüdoçularımız üçün uğurlu saymaq olarmı?

- Həmin vaxtı hamı kimi mən də, Elnur Məmmədlinin uğuruna çox sevinmişdim. Zaman keçdikcə bu çəki dərəcəsində məsuliyyət mənim üzərimə düşdü. Çox istəyirdim ki, bu çəkidə çempion olmaqla, Elnur Məmmədlinin nəticəsini təkrarlayım. Lakin həlledici qarşılaşmada gümüş medala sahib çıxdım.

- Sən artıq Olimpiya mükafatçısısan. Bunun üçün böyük və məsuliyyətli yol keçmisən. Səncə, uğur qazanmaq üçün nə tələb olunur?

- Güc, səbir, istək, həvəs və şans - bunlar olarsa deməli, istənilən nəticəni qazana bilərsən. Hesab edirəm ki, günün uğurlu olmasından da çox şey asılıdır. Əgər özünü psixoloji cəhətdən yarışa yaxşı hazırlasan və sənin günün olarsa, deməli, çempion olmaq üçün heç bir maneə qalmır.

Murad Fərzəliyev,
Rio-de Janeyro

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir