“Olimpiya medalını körpənin beşiyindən asacağımız günü səbirsizliklə gözləyirik” - MÜSAHİBƏ

“Olimpiya medalını körpənin beşiyindən asacağımız günü səbirsizliklə gözləyirik” - MÜSAHİBƏ

XXXI Yay Olimpiya Oyunlarında ölkəmizə ilk medalı cüdo yarışında mübarizə aparan Rüstəm Orucov qazandırdı. Gümüş medal qazanmaqla bütün xalqımızı sevindirən Rüstəm Orucovun ailəsi ilə görüşmək, təəssüratlarını öyrənmək istədik. İdmançımızın atası Fəzail Orucov bizi çox səmimi qarşıladı. Çay süfrəsi arxasında "Olimpiya dünyası” qəzeti üçün götürdüyümüz müsahibəni oxuculara təqdim edirik.

"Sevinirik ki, oğlumuz Rio Olimpiadasında ölkəmizə 
ilk medalı qazandırdı”

- Fəzail müəllim, oğlunuz Rüstəm Rio Olimpiadasında Azərbaycan yığmasına ilk medalı qazandırdı. Əvvəlcə bu qələbə münasibəti ilə sizi təbrik edirik. İstərdik yarışla bağlı təəssüratlarınızı öyrənək...

- Çox sağ olun. Təbii ki, bir valideyn kimi yarışları izləyəndə çox böyük həyəcan keçirdik. Həqiqətən, o anları yaşamayan insan məni başa düşə bilməz. Bu həyəcanı sözlə ifadə etmək çox çətindir. Yarışa başlamamışdan əvvəl oğlumla telefonla danışdım. Ona dəstək olduğumuzu, hər şeyin yaxşı olacağını və ona inandığımızı dedim. Onun məşqçilərlə yanaşı, bir valideyn olaraq bizim dəstəyimizə ehtiyacı var idi. Sevinirik ki, oğlumuz Rio Olimpiadasında ölkəmizə ilk medalı qazandırdı. Bu, təkcə bizim yox, Azərbaycan xalqının qələbəsidir. Mən ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Dövlətimiz tərəfindən idmana göstərilən diqqət və qayğı öz bəhrəsini verir. Cüdo Federasiyasının rəhbərliyi cüdoçularımızın hazırlığı üçün öz dəstəyini əsirgəmir. Baş məşqçi Peter Zeyzenbaherin milliyə gəlişindən sonra idmançılarımız, eləcə də oğlum müxtəlif ölkələrə təlim-məşq toplanışlarına və yarışlara aparıldı, öz təcrübələrini artırdılar. Bir sözlə, Rüstəmin bu uğura nail olmasında əməyi olan hər kəsə, onun şəxsi məşqçisi Fərhad Məmmədov, Əli Dərvişova, xüsüsən də avstriyalı mütəxəssisə minnətdarlığımı bildirirəm. Fərhad müəllim demək olar ki, Rüstəmdən çox həyəcan keçirirdi. Mən yarışları televiziya vasitəsi ilə izlədim. Rüstəm yarımfinalda israilli idmançıya qalib gələrkən, Fərhad müəllim göz yaşlarını saxlaya bilmədi. Rüstəm Olimpiya Oyunlarında medal qazanmaq üçün çox əziyyətlər çəkib, aylarla təlim-məşq toplanışlarında iştirak edib. Çəkdiyi əziyyətlər hədər getmədi.

- Rüstəm ikinci dəfə olimpiadada çıxış edirdi. Səmimi deyin, bu dəfə ondan medal gözləyirdiniz?

- Etiraf edim ki, Rüstəm London Olimpiadasında çıxış edəndə təcrübəsi az idi. Ona görə də Olimpiya Oyunlarına tam hazır deyildi. Orada güclü idmançıların olduğunu nəzərə alaraq, Rüstəmin Londonda medalçılar sırasına düşə bilməyəcəyini bildirdim. Amma o, Rio-ya tam hazır peşəkar idmançı kimi yollanmışdı. Mən Rio-da Rüstəmdən həqiqətən də medal gözləyirdim. Sanki onun özündə də bir arxayınlıq var idi. Olimpiadadan əvvəl mənə deyirdi ki, arxayın olun, mən Rio-dan medalla qayıdacağam. Hətta protokol çıxandan sonra bizimlə əlaqə saxladı və mənə dedi: "Hiss edirəm ki, finala yüksələcəyəm və finalda yaponiyalı idmançı ilə qarşılaşacağam”. Doğurdan da, bu, belə oldu. Yaponiyalı cüdoçu 73 kq çəki dərəcəsində ikiqat dünya çempionudur. Rüstəm həmin idmançı ilə iki dəfə qarşılaşmışdı. Sonuncu dəfə Parisdə keçirilən "Böyük dəbilqə” turnirində də Rüstəm həmin cüdoçuya məğlub olmuşdu. Deməzdim ki, Rüstəm zəif idi. Lakin mənə elə gəlir ki, yaponiyalı cüdoçu qızıl medala Rüstəmdən bir addım daha yaxın idi. Rüstəmə demişdim ki, Olimpiya Oyunlarının hər hansı bir medalı mənim üçün qızıla bərabərdir. Çünki 4 ildən bir keçirilən Olimpiya Oyunlarında iştirak etmək və finala qədər irəliləmək hər bir idmançıya qismət olmur. Ola bilər ki, sən uzun müddət hər hansı bir idman növü ilə məşğul olarsan. Amma Olimpiadada iştirak edə bilməzsən. Yəni, Olimpiya Oyunlarında iştirak etmək və finala qədər yüksəlmək özü böyük bir qələbədir.

- Yəqin ki, mükafatlandırma mərasimindən sonra telefonla danışdınız...

- O, ailədə ilk olaraq telefonla mənimlə danışdı. Sonra anası və həyat yoldaşı ilə qələbə sevincini bölüşdü. Onunla telefonla danışanda öz minnətdarlığımı bildirdim. Bir ata kimi onunla qürur duyduğumu dedim. O mənə olimpiadada medal qazanacağı ilə bağlı söz vermişdi. Bu sözünün üstündə durduğu üçün ona təşəkkür etdim. Mən bir valideyn kimi, onun çıxışından çox razıyam. Sevincimi sözlə ifadə edə bilmirəm. Rüstəmin hələ 24 yaşı var. Karyerasının ən pik anları qabaqdadır. Qarşıda Rüstəmi digər mötəbər yarışlar da gözləyir. Gələn il ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. 2018-ci ildə cüdo üzrə dünya çempionatı da paytaxtımızda təşkil olunacaq. İnanıram ki, Rüstəm bu yarışlarda da uğurla çıxış edəcək.

"Gözləmədiyim, hətta tanımadığım insanlardan da 
çoxsaylı təbriklər aldım”

- Oğlunuzun görüşlərini qohumlarınızla bir yerdə izləyirdiniz?

- Rüstəmin görüşünə baxarkən keçirdiyim həyəcanları kiminsə görməsini istəmirdim. Buna görə də görüşləri televiziya vasitəsilə yalnız həyat yoldaşım və gəlinimlə izləyirdik. Təəssüflər olsun ki, ilk iki görüşü birbaşa yayınlanmadı. Oğlumu fəxri kürsüyə qalxdığını görəndə sevincimdən kövrəldim. Hətta həyat yoldaşım İrina xanım göz yaşlarını saxlaya bilmədi. Doğurdan da, o hissləri, o həyəcanı özündən asılı olmayaraq keçirirsən.
Düzdür, bütün görüşləri çətin keçdi. Amma mənim üçün Rüstəmin yarımfinal görüşü daha çətin oldu. Çünki finala yüksəlməklə, ən azı, gümüş medalı özünə təmin edirdi. Əgər israilli idmançıya məğlub olsa idi, medal qazanmaq şansı çətin olardı. Ona görə də yarımfinal görüşü mənim üçün daha həyəcanlı idi.

- Sizi təbrik edənlər çox oldu?

- İlk olaraq, qohumlar təbrik etdilər. Düzdür, gözləmədiyim, hətta tanımadığım insanlardan da çoxsaylı təbriklər aldım. Cüdo Federasiyasının üzvləri, Rüstəmin idmançı dostları zəng edərək təbriklərini və bu uğura görə sevindiklərini bildirdilər. Bir valideyn üçün bundan gözəl sevinc ola bilməzdi.

- Rüstəm nəyə görə cüdonu seçdi?

- Rüstəmin 7 yaşı olanda onu şahmat bölməsinə yazdırmışdım. Lakin bir müddətdən sonra gördüm ki, şahmat Rüstəm üçün uyğun idman növü deyil. Çünki Rüstəm o qədər enerjili uşaq idi ki, onu yalnız cüdo və ya güləş bölməsinə yazdırmaq düzgün olardı. Bizim yaşadığımız şəhərdə güləş bölməsi olmadığı üçün oğlumu cüdo bölməsinə yazdırdım. Yaşı az olduğuna görə məşqçilər onu bölməyə qəbul etmək istəmirdilər. Lakin sonradan Rüstəm məşqlərdəki fəallığı ilə müəllimlərinin etimadını qazandı. Bakıya köçdükdən sonra Fərhad Məmmədov və Əli Dərvişov ona bu idman növünün sirlərini öyrətdilər. Hər iki məşqçi Rüstəmə böyük ümid bəsləyirdi. Onların Rüstəmin üzərində böyük əziyyəti olub. Buna görə onlara minnətdarlığımı bildirirəm.

"Düşünmürəm ki, bu məşhurluq
 onun gələcək uğurlarına mane olacaq”

- Adətən, Olimpidada medal qazandıqdan sonra idmançılarda arxayınlıq yaranır və onlar idmandan uzaqlaşırlar. Bu məsələdə valideynlərin üzərinə böyük yük düşür...

- Mən əminliklə deyə bilərəm ki, Rüstəm o idmançılardan deyil. Hazırda onun ən parlaq vaxtlarıdır. Təbii ki, bir valideyn kimi də bu baxımdan öz məsuliyyətimizi çox yaxşı başa düşürəm. Haqsızlıq olardı ki, o, parlaq vaxtında idmandan kənarlaşsın. Bu həm onun özünə qarşı, həm idmandakı nailiyyətlərinə, həm də ondan uğur gözləyən məşqçilərinə qarşı böyük hörmətsizlik olardı. Rüstəm cüdo ilə yaşayır. Düşünmürəm ki, bu məşhurluq onun gələcək uğurlarına mane olacaq. Rüstəm onun üçün yaranmış bu fürsətdən istifadə etməlidir. O, belə bir vaxtda idmanı tərk edərsə, bir ata kimi ona qarşı hörmətim azalar. Çünki Rüstəm həyatdakı uğurlara idmanın sayəsində nail olub. Hətta Rüstəm mənə hərdən deyir ki, Olimpiya Oyunlarından sonra çəkimi qaldırım? Deyirəm ki, bu çəkidə bir idmançı kimi, özünü bütün dünyaya sübut etmisən. Reytinq cədvəlinin ikinci pilləsində qərarlaşmısan. Çəki dəyişəndən sonra hər şeyi yenidən başlamaq lazımdır. Bunun isə necə alınacağını heç kim bilmir.

- Evinizdə Rüstəmin indiyədək çıxış etdiyi yarışlardan qazandığı medallar üçün xüsusi güşə yaradılıb. Bəs Olimpiya medalı üçün yer hazırlanıb?

- Rüstəm yarışa getməmişdən əvvəl zarafatla o sualı mənə vermişdi (gülür). Mən də Olimpiya medalı üçün xüsusi yer hazırlayacağımı dedim. 2016-cı il Rüstəm üçün çox uğurlu oldu. O, iştirak etdiyi hər bir yarışdan medallar qazanıb. Bunların ən uğurlusu isə, təbii ki, Olimpiya medalıdır.

- Fəzail müəllim, yəqin ki, cüdo ilə yanaşı, digər idman növlərini də izləyirsiniz. Maraqlıdır, hansı olimpiyaçılarımızdan medal gözləyirsiniz?

- Boksçularımız Teymur Məmmədov və Məhəmmədrəsul Məcidovun medal qazanmaq şanslarını yüksək qiymətləndirirəm. Məncə, London-2012-də Olimpiya çempionumuz olan Toğrul Əsgərov bu dəfə də bizi medalla sevindirəcək. Güləşçi Rəsul Cunayevdən də medal gözləyirəm. O, həmişə döşəyə özünə arxayın və cəsarətlə çıxır. Bu da rəqib idmançılara psixoloji olaraq pis təsir edir. İnanıram ki, Rəsul Rio-da qızıl medal qazanacaq və adətinə uyğun olaraq öz qələbəsini "əsgər salamı” ilə qeyd edəcək. Bundan başqa, təcrübəli güləşçimiz Rövşən Bayramovun medal qazanacağına ümid edirəm. Rövşən artıq 3-cü dəfədir ki, Olimpiya Oyunlarında iştirak edir. Əvvəlki iki Olimpiadada gümüş medal qazanıb. İnşallah bu dəfə Vətənə qızıl medalla qayıdacaq.

- Söhbət zamanı vurğuladınız ki, Rüstəm Olimpiya medalı qazanacağına söz vermişdi. Maraqlıdır, ona stimul verən nə idi?

- Rüstəm buyaxınlarda ata olacaq. Bu stimul Rütəmin arzusunun birini reallaşdırdı. Olimpiya Oyunlarına getməmişdən əvvəl söz vermişdi ki, medal qazanacaq və həmin medalı gələcək övladının beşiyindən asacaq. Yarışdan sonra mənə zəng vurdu və verdiyi sözə əməl edərək Olimpiya medalı qazandığını dedi. Bu, məni daha da qürurlandırdı. Olimpiya medalını körpənin beşiyindən asacağımız günü səbirsizliklə gözləyirik.

Söhbətimizə cüdoçumuzun anası və həyat yoldaşı da qoşuldu. Onlar öz təəssüratlarını bizimlə bölüşdülər.

"Olimpiya Oyunlarına sanki onunla bir yerdə hazırlaşırdıq”

İrina Orucova (Rüstəm Orucovun anası):
- Rüstəmə çox inanır, onun medal qazanacağını hiss edirdim. İnanın ki, Olimpiya Oyunlarına sanki onunla bir yerdə hazırlaşırdıq. Təbii ki, həyəcan keçirirdik. Rüstəm bizi çox sevindirdi. Övladımın çıxışlarını həyəcansız izləyə bilmirdim. Rüstəmin qələbəsi məni kövrəltdi. Yarışlardan sonra evimizə çoxlu zənglər oldu. Bizi tanıyanlar, tanımayanlar - hər kəs zəng edərək, təbriklərini çatdırırdılar. Bizi təbrik edənlərə minnətdaram.

"...halal olsun sənə, bizi çox sevindirdin”

Elnarə Orucova (Rüstəm Orucovun həyat yoldaşı):
- Həyat yoldaşımın çıxış etdiyi bütün yarışları qaynatam, qaynanam və mən bir yerdə izləyirik. Bu, bizdə adət halını alıb. Hər yarışda, sözsüz ki, həyəcan keçiririk. Olimpiya Oyunlarına, əsasən, televiziya vasitəsilə baxırdıq. Amma Rüstəmin ilk iki görüşünə baxa bilmədiyimizə görə, daha çox həyəcanlanırdıq. Bu dəfə həyəcanımız birə-beş artmışdı. Rüstəmin həmişə ən böyük arzusu Olimpiya Oyunlarında çıxış etmək olub. Bu, onun cüdo ilə məşğul olduğu andan qarşısına qoyduğu məqsəd idi. Daim bu barədə düşünür və təlim-məşqlərini intensivləşdirirdi. O, Rio Olimpiadasına çox səylə hazırlaşırdı. Rio-ya kimi onun nailiyyətləri çox idi. Hətta bu il iştirak etdiyi yarışların hamısından medallarla qayıtmışdı. İnanırdım ki, Rüstəm iştirak etdiyi ikinci Olimpiya Oyunlarında medal qazanacaq. Yarışdan sonra onunla danışanda dedim ki, halal olsun sənə, bizi çox sevindirdin.

Rahib Səmədov,
Azər Əlizadə

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir