Rio-2016: Stadnik və Ratkeviçdən qələbə - FOTOLAR

Rio-2016: Stadnik və Ratkeviçdən qələbə - FOTOLAR

Yay Olimpiya Oyunları davam edir. Olimpnews.az saytının məlumatına görə, bu gün mübarizəyə xanım güləşçilər də qoşulub.

Əvvəlcə yığmamızın əsas medal ümidləri – Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (58 kq) xalça üzərinə çıxıb.

Mübarizəyə 1/8 final mərhələsindən başlayan Mariyanın ilk rəqibi Patrisia Bermudes olub. Pekin Olimpiadasında bürünc, London Olimpiadasında gümüş medal qazanan Stadnik argentinalıya heç bir şans verməyib. İlk hissədə rəqibindən 10 xal alan təmsilçimiz döyüşü vaxtından əvvəl xeyrinə bitirib. O, 1/4 finalda Nina Matkovska (Polşa) ilə üz-üzə gələcək. Görüş saat 18:28-də başlanacaq.

Yuliya Ratkeviç də mübarizəyə 1/8 final mərhələsindən start verib. Ukraynalı Oksana Herhel qarşılaşan London Olimpiya Oyunlarının bürünc medalçısı çətinliklə də olsa mərhələ adlayıb. Belə ki, 3:0 hesabı ilə öndə olan güləşçimiz ardınca üstünlüyü əldən verib - 3:5. Lakin son saniyələrdə özünə gələn Ratkeviç 7:5 hesabı ilə qələbə qazanıb.