Rio-2016: Patimat Abakarova taekvondoda ilk bürüc medal əldə etdi - FOTOLAR + VIDEO

Rio-2016: Patimat Abakarova taekvondoda ilk bürüc medal əldə etdi - FOTOLAR + VIDEO


XXXI Yay Olimpiya Oyunlarında taekvondoçuların yarışına start verilib. "Olimpiya dünyası" qəzetinin Rio-ya ezam olunmuş əməkdaşının məlumatına görə, ilk yarış günündə 2 çəki dərəcəsində idmançılar mübarizə aparıblar.

Olimpiya oyunlarında tam heyətlə təmsil olunan taekvondo üzrə Azərbaycan yığmasının üzvü Patimat Abakarova 49 kq çəki dərəcəsində ilk döyüşünü serbiyalı Tiyana Boqdanoviçə qarşı keçirib. İlk görüşdə serbiyalı idmançıya məğlub olan Patimat Abakarovanın rəqibi finala yüksəldiyi üçün taekvondoçumuz təsəlliverici görüşlərə qatılmaq şansı qazanıb.

P. Abakarovanın bürünc medal uğrunda ilk rəqibi çinli Jinqyu Vu olub. Taekvondoçumuz hesabda iki dəfə geri düşməsinə baxmayaraq, son saniyələrdə rəqibin başına dəqiq zərbə endirməkə hesabı öz xeyrinə dəyişib - 4:3.

Avropa çempionatının və Bakı-2015-in mükafatçısı olan taekvondoçumuzun təsəlliverici görüşlərdə sonuncu rəqibi fransalı Yasmin Azeize olub. Döyüşə fəal mübarizə əzmi ilə başlayan P. Abakarova rəqibinə 7:2 hesablı nəticə qalib qələrək bürünc medal qazanıb.

Taekvondoçumuz Patimat Abakarovanın Rio-2016-da qazandığı bürünc mükafat Azərbaycanın idman tarixində taekvondoda qazanılmış ilk Olimpiya medalıdır.

İdmançı karyerası ərzində bir çox nailiyyətlər qazanan Patimat Abakarova 1994-cü il oktyabrın 23-də Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində anadan olub. Azərbaycan Taekvondo Federasiyasının yığma komandasının tərkibinə 2012-ci ilin sonlarında daxil olub. 2013-cü ildə İndoneziyadakı İslam Həmrəylik Oyunlarında və Bakı-2015 birinci Avropa Oyunlarında bürünc, ötən il Koreya Respublikasında hərbçilərin dünya çempionatında qızıl medal qazanıb. Böyük Britaniyadakı beynəlxalq Qran-pri turnirində üçüncü, 2016-cı ildə İsveçrədə böyüklər arasında Avropa çempionatında isə ikinci yerin sahibi olub.
Olimpiadada taekvondo üzrə yığmamızın üzvlərindən Milad Beiqi Harçeqani (80 kq), Fəridə Əzizova (67 kq) və Radik İsayev (+80 kq) də tezliklə qələbə uğrunda mübarizəyə başlayacaqlar.








Murad Fərzəliyev,
Fotolar, video müəllifindir
Rio-de Janeyro

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir