“ISMA Bikes” velosipedlərindən yarışlarda istifadə olunur

“ISMA Bikes” velosipedlərindən yarışlarda istifadə olunur



Ölkəmizdə məktəblilər arasında sağlam və fəal həyat tərzinin təşviqi, Olimpiya dəyərlərinin təbliği məqsədilə keçirilən "Olimpiya hərəkatı” proqram çərçivəsində təşkil olunan yarışlarda İsmayıllıdakı velosiped zavodunun məhsulu olan "İSMA Bikes” velosipedlərindən istifadə edilib.

"Olimpnews.az” xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev yarışlarda "ISMA Bikes” velosipedlərindən istifadə barədə danışarkən deyib: "Biz sevinirik ki, "Olimpiya hərəkatı” proqramı çərçivəsində məktəblilərin velosiped idmanına marağı böyükdür. Təbii ki, belə kütləvi yarışları keçirmək üçün keyfiyyətli velosipedlər lazımdır. Ona görə də biz bu yarışlarda "ISMA Bikes” velosipedlərindən istifadə edirik. "ISMA Bikes” velosipedləri idarəetmə zamanı çevik davranmağa və sərt döngələrdə rahat hərəkətə imkan verir”.

Fərhad Əliyev əlavə edib ki, məktəbliləri velosiped idmanına cəlb etmək üçün "ISMA Bikes” velosipedlərindən istifadə edərək veloklublar yaradılacaq və müntəzəm yarışlar təşkil olunacaq.
Ötən ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılıan İsmayıllı velosiped zavodunun istehsal gücü ildə 20-30 min velosiped təşkil edir. Burada beş növdə velosipedin istehsalı nəzərdə tutulur. Zəruri infrastrukturu ilə Qafqazda yeganə olan bu zavodun məhsulları yüksək keyfiyyəti ilə seçilir.

Məktəblilərin "Olimpiya hərəkatı” proqramı Milli Olimpiya Komitəsi, Gənclər və İdman, Təhsil nazirlikləri və Olimpiya Oyunlarının ümümdünya tərəfdaşı "Coca-Cola” şirkətinin dəstəyi ilə həyata keçirilir. Proqramın əsas məqsədi məktəblilər arasında atletika, velosiped idmanı, basketbol 3x3, badminton və voleybol 2x2 idman növləri üzrə məktəb və şəhər yarışları keçirməklə şagirdləri sağlam və fəal həyat tərzinə cəlb etməkdən ibarətdir.
Yarışlar Bakı şəhəri ilə yanaşı, Göygöl rayonu, Gəncə və Sumqayıt şəhərlərində keçirilir.