Sahib Ələkbərov beynəlxalq idman qurumuna üzv seçilib

Sahib Ələkbərov beynəlxalq idman qurumuna üzv seçilib



Belçikanın paytaxtı Brüsseldə Avropa Velosipedçilər Birliyinin (UEC) Baş Assambleyası öz işini başa çatdırıb. Quruma üzv olan 50 milli federasiya nümayəndələrinin iştirak etdiyi tədbirdə qitənin ali velosiped qurumunun rəhbər orqanlarına seçkilər də keçirilib.

"Olimpnews.az" Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, seçkilərdən əvvəl qurumun son 4 ildəki fəaliyyəti haqda məruzə ilə çıxış edən Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappartien şosse velosipedinin elit kateqoriyasında qitə çempionatının təşkili məsələsini ən vacib addımlardan biri kimi dəyərləndirib. O, Bakı-2015 ilk Avropa Oyunlarının velosiped yarışlarının bu istiqamətdə həlledici rol oynadığını xüsusi ilə vurğulayıb və bunu Azərbaycanın qitə velosipedinə töhfəsi kimi dəyərləndirib.

Sonra UEC-nin Rəhbər Komitəsinin üzvlərinin seçkisi keçirilib. Səsvermənin nəticələrinə əsasən Rəhbər Komitəyə 12 namizəd arasından seçilən 6 nəfərdən biri də Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) vitse-prezidenti Sahib Ələkbərov olub. Azərbaycanda son illər ərzində dövlət qayğısı hesabına velosiped idman növünün inkişafı istiqamətində atılan addımlar, nüfuzlu "Tour d'Azerbaidjan" veloyürüşünün təşkili, "Synergy Baku" komandasının 2016-cı ili dünyanın 176 kontinental klubu arasında reytinq sıralanmasında 4-cü yerdə başa vurması, ölkımizin 2018-ci ildə BMX velosiped növü üzrə dünya çempionatına ev sahibliyi edəcəyi bu seçimdə önəmli rol oynayıb.

Qeyd edək ki, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsi 1-i qurumun prezidenti olmaqla 7 nəfərdən ibarətdir. Baş Assambleya zamanı AzVİF-in baş katibi Fərhad Əliyevə də etimad göstərilib. O, 50 ölkəni təmsil edən 26 namizəd arasından seçilmiş 15 nəfərin sırasında yer alıb. Fərhad Əliyev Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) bu ilin sentyabrında keçiriləcək konqresində Avropa Velosipedçilər Birliyinin səlahiyyətli nümayəndəsi kimi iştirak edəcək.