"Synergy Baku" növbəti reytinq xallarını qazanıb

"Synergy Baku" növbəti reytinq xallarını qazanıb



Mayın 26-28-də Ukraynanın paytaxtı Kiyevdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı "Horizon Park" yarışları keçirilib. 21 Pro-kontinental, kontinental və milli komandanın iştirak etdiyi 3 günlük yarışda "Synergy Baku"nun növbəti qələbəsi ilə yadda qalıb.

Komandamız ilk yarış günündə 160 km-lik "Horizon Park Race for Peace" turunda mübarizə aparıb. Elçin Əsədovun finiş xəttini 7-ci keçməsi aktivimizə 5 reytinq xalı qazandırıb. Mayın 27-də keçirilən və ümumi uzunluğu 116 km olan "Horizon Park Race Maidan" turunda Elçin Əsədov 9-cu olub və hesaba 3 reytinq xalı yazdırıb. Yarışların son günündə , mayın 28-də isə Samir Cəbrayılovun 96 km-dən ibarət "Horizon Park Classic"də 8-ci yeri tutması daha 3 xalla əlamətdar olub.

Məlumat üçün bildirək ki, yığmanın üzvlərinin yarışlarda qazandıqları xallar onların öz reytinqləri ilə yanaşı, milli komandamızın da aktivinə əlavə olunur. Hazırda Beynəlxalq Velosipedçilər İttifaqının 112 ölkənin yer aldığı reytinq sıralanmasında Azərbaycan 832 xalla 38-ci yerdədir. Siyahının ilk 5 pilləsində Belçika, Kolumbiya, İspaniya, İtaliya və Fransa yer alır.