Müstəqillik günü ilə əlaqədar veloyürüş keçirilib

Müstəqillik günü ilə əlaqədar veloyürüş keçirilib



Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) dəstəyi ilə veloyürüş keçirilib. 

Veloyürüş "Müstəqilliyimiz əbədidir” şüarı altında 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunub.
Yürüşdə Dövlət Təhlükəsizliyi Xidmətini rəisi general-leytenant Mədət Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, DTX-nın velosiped klubunun üzvləri, AzVİF-in idmançıları və eləcə də həvəskar velosipedçilər iştirak ediblər. Azneft meydanından start götürən veloyürüş Neftçilər prospekti, Yusif Səfərov küçəsi ilə davam edib və Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Yürüş çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında Azərbaycanın ilk milli velosiped brendi olan "İsma Bikes" məhsullarının sərgisi təşkil olunub.

Müstəqillik günü ilə əlaqədar digər bir velosiped yarışı Biləsuvar rayonunda təşkil olunub. Veloyürüş Biləsuvar rayon Gənclər və İdman İdarəsinin, YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Müxtəlif yaş qruplarından olan 100-dən artıq velosipedçinin iştirak etdiyi yürüş Biləsuvar şəhərinin girişindən start götürməklə Heydər Əliyev küçəsi boyunca davam edib.
Veloyürüşdə fərqlənmiş iştirakçılar Biləsuvar rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının diplom və hədiyyələri ilə təltif ediliblər. Mükafatları Biləsuvar rayonu Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov və Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev təqdim ediblər.