Əlvida Pxençxan, salam Pekin!

Əlvida Pxençxan, salam Pekin!

XXIII Qış Olimpiya Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib

Pxençxan-2018 Qış Olimpiya Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib.

Olimpnews.az saytının məlumatına görə, Pxençxan Olimpiya Stadionunda keçirilən mərasimdə əvvəlcə Koreya Respublikanın bayrağı qaldırılıb və dövlət himni səsləndirilib.

Dünya musiqisi ilə Koreya milli musiqi alətlərinin vəhdətindən ibarət kompazisiyanın təqdimatından sonra Pxençan-2018 Olimpiadasında iştirak edən ölkələrin bayraqları stadiona gətirilib.

Sonra idmançıların paradı olub.

Mərasim xizək yarışları üzrə qadınlar arasında 30 km, kişilərin mübarizəsində isə 50 km məsafəyə marafon yarışlarının qaliblərinin mükafatlandırılması ilə davam edib. Qaliblərə medalları Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezienti Tomas Bax və Beynəlxalq Xizəksürmə Federasiyasının prezidenti Qik Frank Kasper təqdim ediblər.

Könüllülərə təşəkkür elan edildikdən sonra musiqi proqramı təqdim olunub. Ənənəyə uyğun olaraq Yunanıstanın bayrağı qaldırılıb və dövlət himni səsləndirilib.

Sonra Pxençxan şəhərinin meri Jea Quk Sin Olimpiya bayrağını BOK-un prezidentinə təqdim edib. Tomas Bax bayrağı 2022-ci ildə qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək Pekin şəhərinin meri Jininq Çenə təhvil verib.

Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı təqdimat nümayiş edilib.

Olimpiya məşəli söndürüldükdən sonra xüsusi lazer effektləri ilə şou nümayiş olunub, DJ-lərin ifasında konsert proqramı təşkil olunub. Bağlanış mərasiminə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

Norveç millisi Pxençxan-2018 Qış Olimpiya Oyunlarının medal sıralamasında birinci olub. Bu ölkənin hesabında 14 qızıl, 14 gümüş və 11 bürünc medal var. Almaniya (14-10-7) ikinci, Kanada (11-8-10) üçüncü, ABŞ (9-8-6) dördüncü, Hollandiya (8-6-6) isə beşinci pillədə qərarlaşıb. Ümumilikdə, 30 ölkənin idmançıları medalçılar arasında yer alıblar.

Pxençxan-2018 Olimpiya Oyunlarında 92 ölkədən 2952 idmançı iştirak edib. Bu, indiyə qədər qış olimpiadalarında iştirakçıların sayına görə rekord göstəricidir. Oyunlarda ən çox idmançı ilə iştirak edən ölkə Amerika Birləşmiş Ştatları (242 atlet) olub. Azərbaycan Pxençxan-2018 Olimpiadasında dağ xizəkçiliyi yarışlarında təmsil olunub.

Olimpiadada yarışlar 13 idman qurğusunda keçirilib. Atletlər 7 idman növündə 102 dəst medal uğrunda yarışıblar. Medalların birinin çəkisi 586 qramdan artıqdır. Bu, Qış Olimpiya Oyunları tarixində çəkisinə görə ən ağır mükafatdır. XXIII Qış Olimpiya Oyunları 6 yeni ölkənin debütü ilə də əlamətdar olub. Ekvador, Eritreya, Kosovo, Malayziya, Nigeriya və Sinqapur tarixində ilk dəfə qış Olimpiya Oyunlarında iştirak ediblər.

Pxençxanda keçirilən Qış Olimpiya Oyunlarını ümumilikdə, 1 milyon 336 min 326 insan ziyarət edib. Yarışlara 1 milyon 075 min 995 bilet satılıb.