“Synergy Baku”dan Mərakeşdə uğurlu çıxış

“Synergy Baku”dan Mərakeşdə uğurlu çıxış

     Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku” Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı Mərakeş Turunda çıxış edib. 10 günlük yarışın 4-cü mərhələsi komandamızın uğurlu nəticəsi ilə yadda qalıb.
    Yarışın ən ağır dağ mərhələsi hesab edilən 193 km-lik 4-cü günündə Azərbaycanın Elit yığma komandasının üzvü Samir Cəbrayılov dağ finişlərində hamıdan yaxşı çıxış edib. Bununla da velosipedçimiz Mərakeş turunun ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan xüsusi köynəyinə sahib olub. İdmançımız 5-ci mərhələyə bu köynəklə başlayıb.
4-cü mərhələ həmçinin Azərbaycanın Elit yığmasının digər üzvü Kiril Pozdnyakovun 193 km məsafəni 3-cü sırada tamamlaması ilə yadda qalıb. Finişi 4 nəfərlik qrupda başa vuran təmsilçimiz 4 saat, 39 dəqiqə, 59 saniyə nəticə göstərib və yalnız fotofinişə əsasən 3-cü olub. Bununla da Pozdnyakov ümumi təsnifatda 13 pillə irəliləməklə 3-cü yerə yüksəlib və yarış liderindən 34 saniyə geri qalıb.
    Veloturun 5-ci mərhələsində iştirakçılar 142,8 km məsafə qət ediblər. Qeyd edək ki, "Synergy Baku” bu yarışda Samir Cəbrayılov, Elçin Əsədov, Kiril Pozdnyakov, Aleksandr Polivoda, Ənvər Asanov və Elgün Əlizadə ilə təmsil ediblər.