Sahib Ələkbərov: “BMX üzrə dünya çempionatı həm ölkəmizin təbliği, həm də idmanın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”

Sahib Ələkbərov: “BMX üzrə dünya çempionatı həm ölkəmizin təbliği, həm də idmanın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”




"Iyunun 5-dən 9-dək dünyanın diqqəti yenidən Azərbaycana yönələcək. BMX üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi həm ölkəmizin təbliği, həm də idmanın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”.

"Olimpnews.az" xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatı ilə əlaqədar keçirilən mətbuat konfransında Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü, velosiped idmanının BMX növü üzrə 2018-ci il dünya çempionatının keçirilməsi ilə bağlı yaradılmış İşçi Qrupunun rəhbəri Sahib Ələkbərov deyib.

AzVİF-in birinci vitse-prezidentinin sözlərinə görə, dünya çempionatında 47 ölkədən 1500-dək idmançı iştirak edəcək. Çempionata ev sahibliyinin Azərbaycana həvalə olunması ölkəmizdə yaradılmış mükəmməl idman infrastrukturu və beynəlxalq idman tədbirlərinin təşkili sahəsində qazanılan təcrübə ilə bağlıdır: "2015-ci ildə birinci Avropa Oyunlarında iştirak edən beynəlxalq və Avropa velosipedçilər ittifaqlarının rəhbərləri burada yaradılmış bazanı, ölkə rəhbərinin idmana göstərdiyi diqqət və qayğını gördülər və 2018-ci ildə BMX üzrə dünya çempionatının Bakıda keçirilməsi barədə təşəbbüslə çıxış etdilər. Dövlətimizin başçısı İlham Əliyev bu təşəbbüsü dəstəklədi və bundan sonra hazırlıq işlərinə başlanıldı. 2017-ci il noyabrın 15-də Prezident İlham Əliyev yarışın keçirilməsi ilə bağlı Sərəncam imzaladı və Təşkilat Komitəsi yaradıldı. Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi komitənin köməyi və dəstəyi ilə artıq çempionata hazırıq”.
Çempionatın keçiriləcəyi Velopark barədə məlumat verən Sahib Ələkbərov deyib: "Stadionun inşa olunduğu Velopark Bakının üç əsas girişindən biri olan cənub-qərb girişində yerləşir. Əvvəllər bu ərazilərdə daş karxanaları olub. Ümummilli lider Heydər Əliyev ötən əsrin 70-ci illərinin əvvəllərində bu ərazidə park salınması barədə göstəriş verdi. Qanlı göldən buraya su çəkildi, Badamdar tərəfdəki yüksəklikdə böyük su çənləri qoyuldu, oradan da su öz axarı ilə borular vasitəsilə aşağı hissəyə yönləndirilərək suvarma üçün istifadə edildi. Bütün bu işlər dövlət vəsaiti ayrılmadan, iməcilik yolu ilə həyata keçirilirdi. Ulu öndər Heydər Əliyevin özü də bu iməciliklərdə şəxsən iştirak edərək nümunə göstərirdi. Əlli il əvvəl ümummilli liderin əkdiyi şam və zeytun ağacları bu gün də ərazidə qalmaqdadır. Təəssüf ki, ötən əsrin 90-cı illərində bu park baxımsız qaldı, ağaclar suvarılmadığından onların çoxu qurudu. Ərazi ayrı-ayrı şəxslər tərəfindən qanunsuz zəbt olunaraq hasarlandı, burada evlər tikilməyə başlandı. 2005-ci il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əraziyə gələrək buradakı qanunsuz tikililərin ləğv olunması barədə göstəriş verdi və yalnız bundan sonra həmin ərazidəki qanunsuzluqların qarşısı alındı. 2013-cü ildə biz bu ərazinin baza kimi Azərbaycan Velosiped İdmanı Federasiyasına təhkim olunması xahişi ilə dövlətimizin başçısına müraciət etdik və o bizi dəstəklədi. Ötən 5 il ərzində federasiyanın təşkilatçılığı ilə burada gözəl bir Velopark yaradılıb. Velosiped yolları salınıb, parkda 100 mindən çox ağac və gül kolu əkilib, əraziyə su çəkilib, damcı üsulu ilə suvarma və drenaj sistemləri qurulub. Fürsətdən istifadə edərək, bu imkanı yaratmış dövlətimizin başçısına və bu işdə bizə yardımçı olanların hamısına minnətdarlığımı bildirirəm”.

AzVİF-in birinci vitse-prezidenti onu da bildirib ki, dünya çempionatına gələn idmançı və nümayəndə heyətləri xərclərini özləri ödəyəcəklər. Azərbaycan isə stadionunun yenidən abadlaşdırılması, yarışın təşkili ilə bağlı çadırların qurulması xərclərini və təşkilata üzvlük haqqını ödəyir.
Sahib Ələkbərov bu günə qədər dünya çempionatına 900-dən çox bilet satıldığını bildirib: "Azarkeşlər biletləri həm internet vasitəsilə, həm də yerində əldə edə bilərlər. Stadionda azarkeşlər üçün 3500 oturacaq quraşdırılıb. 260 sayda beşgünlük biletləri də nəzərə alsaq, artıq bugünədək 2500-dək bilet satılıb”.
Mətbuat konfransında iştirak edən dünya çempionatının yarış direktoru Teodor Fişer isə yüksək səviyyəli hazırlıq işlərinə görə Təşkilat Komitəsinə minnətdarlığını bildirib: "Azərbaycan dünya çempionatını yüksək səviyyədə təşkil edir. Bu, həm Azərbaycanın, həm də idmanın təbliğinə müsbət təsir edəcək. Təşkilat Komitəsi çox böyük iş görüb. İyunun 5-də yarış başlayacaq və idmançılar medallar uyğunda mübarizə aparacaqlar. Ayın 6-dan dünya çempionatı birbaşa canlı efirdə yayımlanacaq. İnanıram ki, Bakıda dünyanın ən yaxşı çempionatlarından biri keçiriləcək”.

Xatırladaq ki, 2019-cu ildə BMX üzrə dünya çempionatı Belçikada təşkil ediləcək.