Raqif Abbasov: “Uşaqlar arasında idmanın kütləviliyinə xüsusi diqqətlə yanaşılır”

Raqif Abbasov: “Uşaqlar arasında idmanın kütləviliyinə xüsusi diqqətlə yanaşılır”


Hələ qədim dövrlərdən etibarən müdriklər bədən tərbiyəsinin, fiziki hərəkətin insan həyatındakı rolunu yüksək qiymətləndiriblər. Onların fikrincə, uzun ömürlülüyün əsas şərtlərindən biri də gün ərzində müəyyən qədər hərəkətdə olmaq, passiv həyat tərzindən uzaq qalmaqdır. Antik dövr müəlliflərinin dediklərini bu günkü mütəxəssislər də təsdiq edirlər. Əgər əvvəllər idmanın yalnız bədəni sağlam etdiyi düşünülürdüsə, müasir dövrümüzdə fiziki tərbiyənin həm də əqli, mənəvi inkişafa müsbət təsir etdiyi müəyyənləşib. Bir sözlə, idman fiziki sağlamlıqla yanaşı, sağlam düşüncə tərzidir.
Bu gün ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etdirilməsi əsas prioritet məsələlərdən biridir. Müstəqilliyimizin ilk illərindən etibarən respublikamızda idmanın və bədən tərbiyəsinin kütləviliyinin artırılması istiqamətində atılan addımlar çox keçmədi ki, öz bəhrəsini verməyə başladı. Bu gün "Odlar yurdu” planetin əsas idman mərkəzlərindən biri kimi tanınır. Son illər Azərbaycanın beynəlxalq aləmdə idman sahəsində qazandığı nailiyyətlər, müxtəlif nüfuzlu yarışlara uğurla ev sahibliyi etməsi göz qabağındadır. Əlbəttə, bu uğurların qazanılmasında bir çox qurumların da böyük rolu var. Onlardan biri də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsidir. Adı çəkilən quruma 2008-ci ildən etibarən Raqif Abbasov rəhbərlik edir. Raqif müəllimlə gorüşüb gənclər və idman sahəsində görülən işlər, keçirilən tədbirlərlə bağlı onunla həmsöhbət olduq.


- Raqif müəllim, istərdik söhbətimizə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məqsəd və vəzifələri ilə başlayaq.
- Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin qarşısında duran əsas vəzifələrdən biri gənclər və idman siyasətini həyata keçirməklə yanaşı, həm də paytaxtda müxtəlif idman növləri üzrə yarışlar, o cümlədən açıq birinciliklər, çempionatlar, xatirə turnirləri keçirməkdir.
Müvafiq olaraq ehtiyat qüvvənin formalaşması, milli komandalar üçün idmançıların yetişdirilməsi, paytaxt çempionatının keçirilməsi, dərəcə normativlərinin yerinə yetirilməsi, hakimlərin, məşqçilərin dərəcələrinin müəyyənləşdirilməsi, habelə kütləviliyin və rəqabətin artırılması gündəlikdə duran əsas məsələlərdəndir.
Ölkədə mövcud olan 85 idman növündən 55-i üzrə müntəzəm olaraq paytaxt miqyaslı yarışlar keçirilir. Həmin yarışların keçirilməsində əsas məqsəd idman və bədən tərbiyəsinin kütləviliyinin artırılması, idmançıların potensialının müəyyənləşməsidir. Əlbəttə, paytaxt yarışlarında yaxşı nəticə göstərən idmançılar müəyyən dərəcələrə layiq görülür, bir müddətdən sonra milli komandanın heyətinə cəlb olunurlar. Sevindirici haldır ki, bu idman yarışlarının coğrafiyası ildən-ilə artır. Çalışırıq ki, milli idman növlərimizin kütləviliyini daha da artıraq, onları yeniyetmə və gənclərə tanıdaq. Bununla yanaşı kapoeyra, sumo, triatlon, pouerliftinq, suyatullanma kimi bizə hələ o qədər də doğma olmayan idman növləri var ki, onları da inkişaf etdirməyə çalışırıq. Həmçinin, Olimpiya, qeyri-Olimpiya və paralimpiya idman növlərinin heç birinə fərq qoymayaq, paytaxt daxilində onların hər üçünü eyni dərəcədə, ən yüksək səviyyədə inkişaf etdirmək də başlıca məqsədimizdir. Bundan başqa ölkəmizin ev sahibliyi etdiyi nüfuzlu yarışların, beynəlxalq idman tədbirlərinin təşkilinə də lazımi qədər öz töhfəmizi verərək, həm texniki, həm də təşkilati cəhətdən üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq.



"Rayonlar üzrə idman növlərinin
bölgüsü aparılıb”


- Paytaxt rayonlarında kütləviliklə bağlı hansı işlər həyata keçirilir?
- Bildiyiniz kimi, paytaxt Bakı 12 inzibati rayondan ibarətdir. Onlardan 11-də - Xəzər, Binəqədi, Qaradağ, Yasamal, Nizami, Nərimanov, Nəsimi, Sabunçu, Suraxanı, Səbail, Xətai rayonlarında Gənclər və İdman İdarəsi fəaliyyət göstərir. Həmin idarələrin də hər biri ayrı-ayrılıqda Gənclər və İdman Nazirliyinin sisteminə aiddir və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi həmin inzibati rayonların hər birində mövcud infrastukturu yaxşılaşdırmaq, uşaq, yeniyetmə və gənclərin idmanla daha kütləvi şəkildə məşğul olmaları üçün lazımi tədbirləri həyata keçirir. Hər rayonda yaradılan bazadan asılı olaraq müəyyən növlər daha çox inkişaf edib və etməkdədir. Yəni bəzi rayonlarda cüdo, güləş, bəzilərində isə futbol, baketbol üçün əlverişli şərait daha yaxşıdır. Bununla bağlı olaraq da rayonlar üzrə idman növlərinin bölgüsü aparılıb. Məsələn, Binəqədi və Səbail daha çox şahmat, dama, Xətai və Nərimanov voleybol, badminton, basketbol, Qaradağ və Yasamal, o cümlədən şəhərətrafı kənd və qəsəbələrdə futbol növləri daha çox inkişaf edib. Həmin ərazilərdə uşaqlar arasında məhəllə futboluna maraq xüsusilə çoxdur. Nizami, Nəsimi rayonlarında cüdo kütləviliyə malikdir. Habelə həmin rayonlarda kapoeyra, velosiped idman növləri də inkişaf etməkdədir. Müntəzəm olaraq keçirilən yarışlarda adını çəkdiyim rayonların konkret növlər üzrə qazandığı uğurlar bir daha sübut edir ki, nəticə üçün ilk növbədə şərait və təbliğat lazımdır. Buna görə biz də öz növbəmizdə çalışırıq ki, rayonlarda bir neçə idman növünün yox, maksimum dərəcədə çox idman növünün kütləviliyini təmin edək. Əlbəttə, rayonlar arasında rəqabət birbaşa inkişafa yol açır.


- Rayonlardakı kütləvilik sağlam cəmiyyətin formalaşmasına öz müsbət təsirini necə göstərir?
- Qeyd etdiyim kimi, Gənclər və İdman Baş İdarələrinin əsas vəzifələrindən biri də yerlərdə idmanın kütləviliyini artırmaqdır. Aydın məsələdir ki, kütləvilik nə qədər çox olarsa, uğurlar da bir o qədər artar. Digər tərəfdən isə rayonlarda idman sahəsində kütləviliyin çox olması birbaşa sağlam cəmiyyətin formalaşmasına öz müsbət təsirini göstərir. İdmanın və bədən tərbiyəsinin təbliğ olunması istiqamətində müntəzəm işlər görülür, tədbirlər keçirilir. Biz təkcə klublar, federasiyalar arasında yarışlar təşkil etməklə kifayətlənmirik. Eyni zamanda müxtəlif cəmiyyətlərə tapşırıqlar veririk ki, mütəmadi olaraq öz daxili çempionat və birinciliklərini keçirsinlər. Bu, heç də təsadüfi deyil. Belə yarışlar nəticəsində perspektivli idmançılar müəyyənləşir. Həmçinin idmançılar yarış mühitinə, o ab-havaya öyrəşirlər. Əlbəttə, kiçik turnirlərdə mübarizə aparmayan, gücünü sınamayan idmançı birdən-birə Azərbaycan çempionatında iştirak edə bilməz. Bu, həm psixoloji, həm də texniki-taktiki cəhətdən onun üçün çox çətin olar. Aydın məsələdir ki, böyük idmana gedən yol uşaq idmanından keçir. Ona görə də biz aşağı yaş qrupları arasında idmanın kütləviləşməsini özümüzə xüsusi vəzifə kimi seçmişik. Danılmaz faktdır ki, uşaqlar arasında seleksiya işi aparmaq, habelə onları düzgün istiqamətdə yönəltmək daha asandır. Biz tez-tez Azərbaycan tarixində iz qoyan şəxslərin xatirəsinə həsr olunmuş turnirlər də keçiririk. Məsələn Milli Qəhrəmanlar Çingiz Mustafayev və Cəmil Niftəliyevin xatirəsinə həsr olunmuş mini - futbol yarışları, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnir, tarixçi alim Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı yarışı, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş şaolin döyüş sənəti üzrə yarış, Aprel döyüşü şəhidlərinin xatirəsinə həsr olunmuş pençak silat idman növü üzrə turnir belə tədbirlərdəndir. Onların keçirilməsində birinci məqsəd idmanın kütləviliyinin artırılmasıdırsa, ikinci amalımız məktəblilərə milli qəhrəmanlarımızı, dahi şəxslərimizi tanıtmaq, onları hərbi-vətənpərvərlik ruhunda böyütməkdir.

- Xanımların idmana cəlb olunması sahəsində nə kimi tədbirlər görülür?
- Hər kəs öz sağlamlığının qayğısına qalmalıdır. Bu da o deməkdir ki, idman hamı üçündür. Amma təəssüf ki, bu gün ölkəmizdə qadın idmanı kişi idmanına nisbətən zəif inkişaf edib. Xanım idmançıların sayının artırılması və qarışıq komandaların formalaşması, yarışların keçirilməsi yeni mərhələdə olsa da, bu istiqamətdə də ciddi addımlar atılır.


"Hamı eyni idman növündə
fərqlənə bilməz”


- Uşaq fiziki cəhətdən sağlam ola bilər. Lakin onun mənəviyyatı da sağlam olmalıdır. Təbii ki, burada valideynlərdən də çox şey asılıdır. Sizin bu məsələ ilə bağlı fikirləriniz necədir?
- Layiqli vətəndaş olmağın əsas şərtlərindən biri də mənəvi cəhətdən sağlam böyüməkdir. Yəni təkcə dözümlü, güclü olmaq kifayət deyil. Həm də humanist olmağı, qarşındakı insana hörmətlə yanaşmağı bacarmalısan. Bu baxımdan idmanın insan həyatındakı rolu əvəzsizdir. İdmanın, bədən-tərbiyəsinin mahiyyətini düzgün anlayan şəxs başa düşür ki, idman vurub-yıxmaq deyil. İdman ilk növbədə sağlam olmaq, sonra isə zəruri hallarda özünü müdafiə edə bilmək üçündür. Bununla yanaşı, xüsusilə fərdi idman növləri insana qarşındakı şəxsə hörmət etməyə, ədalətlə davranmağa çağırır. Təsadüfi deyil ki, cüdoya, güləşə yeni başlayan idmançılara ilk növbədə rəqiblə görüşməyi, ona baş əyməyi öyrədirlər. Həmçinin təkmübarizlik növlərində bir qayda olaraq müntəzəm şəkildə həm də idmançılar arasında futbol, basketbol, reqbi kimi komanda oyunları oynanılır. Həmin oyunların keçirilməsində əsas məqsədlərdən biri, heç şübhəsiz ki, uşaq və yeniyetmələri kollektiv mübarizəyə, yoldaşlığa öyrəşdirməkdir. Bir çox idman növlərində cərimə xalları nəzərdə tutulub. Əslində bu, çox böyük əhəmiyyətə malikdir. Məsələn, əgər sən güləş yarışında rəqibə təpik atırsansa, boks yarışında rəqibin boynundan yapışırsansa, əlbəttə, hakim səni cəzalandıracaq. Bax, bu hal idmançılara bir daha xatırladır ki, müvafiq qaydalara əməl etmək lazımdır, onları pozmaq olmaz. Lakin nəzərə almaq lazımdır ki, idman zalları ixtisaslaşdırılmış təlim-tərbiyə ocağı da deyil. Yəni uşağın mənəvi inkişafı üçün, əvvəlcə, ailə, sonra isə təhsil aldığı müəssisə məsuliyyət daşımalıdır.

- Bəzən elə olur ki, illərlə məşq edən idmançı ilə zala cəmi 2-3 ay ayaq basan idmançı eyni nəticəni göstərir. Sizcə bu nəyin göstəricisidir?

- Qeyd etdiyim kimi, idman gümrah və sağlam qalmaq üçün olduqca vacibdir. Idman həm də insana stimul verir, onu bir məqsəd uğrunda çalışmağa vadar edir. İdmanda hamı uğur qazana bilər. Amma hamı eyni idman növündə fərqlənə bilməz. İlk növbədə uşaq həmin növə ürəkdən həvəs göstərməli və seçimi müstəqil etməlidir. İkinci bir tərəfdən isə mütləq fizioloji quruluşu, sağlamlığı nəzərə almaq lazımdır. Bu baxımdan valideynlərə tövsiyə edərdim ki, övladlarını konkret növün məşqlərinə yazdırmazdan əvvəl Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən tibbi mərkəzdə müayinədən keçirsinlər. Yəni hansı növlə məşğul olmağa qərar verərkən təkcə həvəsi nəzərə almaq düzgün deyil. Çünki elə ola bilər ki, uşağın sağlamlığı, fizioloji quruluşu onun maraqlandığı idman növünə yox, bir başqası üçün uyğun olsun. Bu səbəbdən biz cəmiyyətlərə, klublara tövsiyə edirik ki, idmana yeni başlayan uşaq və yeniyetmələrə onlara hələ tanış olmayan idman növləri haqqında da məlumat versinlər ki, onlar seçim edən zaman daha düzgün qərar verə bilsinlər. Bir sözlə, idmanda uğur qazanmaq üçün ilkin mərhələdə seçimin düzgün edilməsi çox vacibdir. Fikrimcə, qeyd etdiyiniz məsələ də elə məhz bununla bağlıdır.

"Biz artıq idmana sərmayə qoymaq yox,
idmandan gəlir götürmək modeli üzərində çalışmalıyıq”

- Raqif müəllim, bir sıra xarici ölkələrdə olmusunuz. Maraqlıdır, həmin ölkələrdə idmanın inkişafı prosesi hansı modellər əsasında həyata keçirilir?
- Dünyanın müxtəlif ölkələrində idman klublarına, cəmiyyətlərə olan siyasət fərqlidir. Belə ki, MDB məkanında idman klubları uşaq-gənclər idman məktəbi, ali Olimpiya idman məktəbi, yüksək idman ustalığı məktəbi və milli yığma komandanın klubu olmaqla dörd formada təsnif edilir. Qərbi Avropa dövlətlərində, o cümlədən Skandinaviyada isə bu model bir qədər fərqlidir. Həmin ölkələrdə isə orta ümumtəhsil məktəbləri, tədris ocaqları və şəxsin yaşadığı ərazidəki idman qurumları nəzərə alınır. Bu cür müxtəlif təsnifləşdirmə əhalinin sıxlığından, ölkədəki idman infrastukturundan, müxtəlif növlərə göstərilən maraqdan və mütəxəssislərin sayından asılıdır. Hazırda Azərbaycan ən yaxşı model üzərində irəliləyir, lakin gələcəkdə bu modeldə də dəyişikliyin olması zərurəti yarana bilər. Bildiyiniz kimi, idman dinamik sahədir. Tez-tez qaydalar dəyişilir. Bununla bağlı olaraq da rəqabət də güclənir, daha maraqlı hal alır. Elə həmin zərurətdən də idman modelləri də dəyişilir. Əlbəttə, bu modellərin formalaşmasında mətbuatın, iş adamlarının idmana sərmayə qoymasının və kütləviliyin çox böyük rolu var. Amma düşünürəm ki, biz artıq idmana sərmayə qoymaq yox, idmandan sərmayə götürmək modeli üzərində çalışmalıyıq.

- Raqif müəllim, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi təntənəli şəkildə qeyd olundu. Əgər 100 illiyi mərhələlərə bölsək hansı uğurları daha qabarıq göstərmək olar?
- Bu il bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından 100 il ötür. Əlbəttə, ötən bir əsr ərzində bir çox sahələrdə olduğu kimi, idmanda da əsaslı dəyişikliklər həyata keçirilib. Bu dəyişikliklərlə yanaşı uğurlarımız da çox olub. Son illər Azərbaycanın idman sahəsində qazandığı uğurlar uzun müddət bu sahədə görülən işlərin, bədən tərbiyəsinə göstərilən diqqət və qayğının nəticəsidir. Bu 100 ilin təxminən 70 ili Sovetlər birliyinin dövrünə təsadüf edir. Həmin illər Azərbaycan idmançıları üçün çox çətin vaxtlar idi. Digər millətləri təmsil edən idmançılarla eyni nəticəni göstərmək üçün fiziki, texniki-taktiki hazırlığın onlardan qat-qat çox olmalı idi. Bu isə, əlbəttə, bir sıra hallarda uğurların əldə olunmasına imkan vermirdi. Amma əminliklə deyə bilərəm ki, həmin dövrdə idmançılarımız heç bir əngələ fikir vermədən nailiyyət üçün çalışır və çox zaman öz məqsədlərinə çatırdılar. Məsələn elə 1952-ci ildə keçirilən Helsinki Olimpiadasında güləşçimiz Rəşid Məmmədbəyovun əldə etdiyi gümüş medal nəyə desən dəyərdi. O, Azərbaycan idmanının ilk Olimpiya medalı idi. Bizim sonrakı Olimpiya Oyunlarında qazandığımız müvəffəqiyyətlər də müxtəlif vaxtlarda Azərbaycan idmanının inkişafından xəbər verir. 1992-ci ildə Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra idmana göstərilən diqqət və qayğı daha da artdı. Elə həmin il Barselonada keçirilən növbəti Yay Olimpiya Oyunlarında cüdoçumuz Nazim Hüseynovun çempion olması, gələcək uğurların müjdəçisi idi. Sevindiricidir ki, hər növbəti Olimpiya Oyunlarında qazandığımız nəticələr əvvəlkindən daha yaxşı olur. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən növbəti Olimpiya Oyunlarında da medallarımızın sayı rekord oldu - 18 medal. Olimpiya Oyunlarından danışmağım heç də əbəs deyil. Bir ölkənin idman uğurlarından xəbər verən əsas göstəricilərdən biri də Olimpiya Oyunlarındakı nailiyyətidir. Amma məlum məsələdir ki, Olimpiya Oyunları kimi ən ali idman yarışında fərqlənmək üçün gərək, əvvəlcə, ölkə daxilində idmanın və bədən tərbiyəsinin inkişafı üçün lazımi şərait yaradasan. Ümumilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev də ilk illərdən etibarən bu sahəyə xüsusi diqqət və qayğı göstərməyə başladı. Bizim bu gün beynəlxalq yarışlarda qazandığımız uğurlar və ən mötəbər idman tədbirlərinə layiqli şəkildə ev sahibliyi etməyimiz görülən işlərin səmərə verdiyinin növbəti sübutudur. Hazırda Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

Anar Əhmədov,
Azər Əlizadə