Sentyabrın 17-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının 20 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) prezidenti Jeno Kamuti, Avropa Ədalətli Oyunlar Hərəkatının baş katibi İoannis Psilopoulos və ölkəmizə dəvət olunmuş rəsmi qonaqlar, tanınmış idmançılar idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Tədbirdən əvvəl rəsmi qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Rəsmi qonaqlar ulu öndərin abidəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub. Daha sonra Şəhidlər xiyabanını ziyarət edənrəsmi qonaqlar Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini anıb, "Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar.
Yubiley mərasimi sonra "Park İnn” hotelində təşkil olunan rəsm tədbirlə davam edib.
Çıxışlardan əvvəl Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və Azərbaycanda ədalətli oyunlar prinsipindən, idmanın inkişafından bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək, ölkəmizdə idmana dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. O, ölkəmizin dünyanın ən mötəbər idman yarışlarına uğurla ev sahibliyi etdiyini vurğulayıb: "Ölkəmizdə hər il 50-dən artıq beynəlxalq yarışlar təşkil edilir. Dünyanın ən böyük idman tədbirləri Azərbaycanda yüksək səviyyədə keçirilir. Bu isə dövlət tərəfindən idmanın, idmançıların, ədalətli oyunlar prinsipinin inkişafı üçün atılan mühüm addımdır. Ölkəmizdə Bakı-2015 I Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları, müxtəlif növlər üzrə dünya və Avropa çempionatları yüksək səviyyədə keçirilib. Bir neçə gündən sonra Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək. Bütün bunlar Azərbaycanın dünyada idman ölkəsi olduğunun bariz sübutudur”.
Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizin ədalətli oyunlarla bağlı keçirilən bütün tədbirlərdə uğurla iştirak etdiyini qeyd edib. "Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra bir sıra məsələlərə yenidən baxıldı, hələ o vaxta qədər mövcud olmayan bir sıra komissiyaların yaradılması haqqında qərar verildi. İlk yaranan komissiylardan birincisi Ədalətli Oyunlar Komissiyası oldu. Biz həmin dövrdə bir sıra yarışlarda və Olimpiya Oyunlarında bəzi ədalətsizliklərə rast gəlmişik. Bu səbəbdən də Ədalətli Oyunlar Komissiyasının yaradılması çox vacib amil idi. Bəzi insanlar, hətta peşəkar idmançılar belə Ədalətli Oyunlar Komissiyasını daha çox futbola bağlayırlar. Əslində, ədalətli oyunlar deyəndə bir çox məqamlar nəzərdə tutulur. Bu komissiya hər il 5 istiqamət üzrə nominasiyalarda mükafatlar təqdim edir. AzƏOK idmançılar, məşqçilər, hakimlər, təbliğatçılar (jurnalistlər) və idman xadimləri arasında qaliblərə mükafatlar təqdim edir. Çünki bu insanların ədalətli oyunlar prinsiplərinin inkişafında xidmətləri danılmazdır”, - deyə Çingiz Hüseynzadə bildirib.
Sonra Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin prezidenti Jeno Kamuti çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə dünyada Olimpiya Hərəkatının və ədalətli oyunlar prinsiplərinin inkişafı istiqamətində böyük xidmətlərinə görə minnətdarlığını bildirib. O, I Avropa Oyunlarının Olimpiya Hərəkatına və ədalətli oyunlar prinsiplərinin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb.
BƏOK-un rəhbəri 2019-cu ildə Azərbaycanda Yeniyetmələrin Olimpiya Festivalının keçiriləcəyini, 50-dən artıq ölkənin bu festivalda çıxış edəcəyini qeyd edib. Jeno Kamuti ilk Ədalətli Oyunlar Regional Ofisinin Bakıda açılacağını da bildirib: "MOK-un vitse prezidenti, AzƏOK-in sədri Xəzər İsayev tanınmış idmançı və mütəxəssisdir. Ədalətli Oyunlar Regional Ofisinin rəhbəri də Xəzər İsayev olacaq. Əminəm ki, o, böyük işlər görəcək. Bu ofisin uğurla fəaliyyət göstərməsi üçün Beynəlxalq Ədalətli Oyunlar Komitəsi də əlindən gələn köməkliyi göstərəcək”.
Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin vitse-prezidenti, Rusiya Ədalətli Oyunlar Komissiyasının sədri Nikolay Dolqopolov çıxış edərək ədalətli oyunların olimpizmin əsas təməl prinsipi, onun ideya daşıyıcısı olduğunu diqqətə çatdırıb və Azərbaycanda təşkil olunan mötəbər idman yarışlarının ədalətli oyun prinsipləri əsasında keçirildiyini vurğulayıb.
Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti və AzƏOK-un sədri Xəzər İsayev bu gün Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını və ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi, idmanda da uğurların əldə olunduğunu diqqətə çatdırdı: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf” nişanı, 2015-ci ildə isə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin xüsusi medalı ilə təltif edilmişdi. 2015-ci ildə həmçinin Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Avropa Ədalətli Oyunlar Hərəkatının xüsusi ordeni ilə təltif edilmişdir. Ölkəmizin daha bir uğuru odur ki, Beynəlxalq Ədalətli Oyunlar Komitəsi tərəfindən Regional Ədalətli Oyunlar İnkişaf Mərkəzinin məhz Azərbaycanda yaradılmasına qərar verilmişdir. 10 ölkənin birləşdirəcək bu mərkəz regionda ədalətli oyun prinsiplərinin təbliği ilə məşğul olacaq. Bu günlərdə ölkəmiz daha bir mötəbər yarışa, cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək. Qeyd edim ki, dünya çempionatı çərçivəsində ölkəmizdə həmçinin Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin Dünya Ədalətli Oyunlar mükafatlarının təqdimetmə mərasimi də təntənəli şəkildə keçiriləcəkdir”.
Tədbirdə çıxış edən digər rəsmilər, Avropa Ədalətli Oyunlar Hərəkatının vitse-prezidenti Erdoğan Arıpınar, Avropa Ədalətli Oyunlar Hərəkatının baş katibi İoannis Psilopoulos, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Şəfəq Hüseynli, paralimpiya çempionu İlham Zəkiyev, cüdo üzrə yığma komandanın baş məşqçisi Natiq Bağırov Ədalətli Oyunlar Hərəkatının geniş kütlə arasında düzgün şəkildə təbliğ edilməsindən danışaraq Azərbaycanın da bu hərəkata böyük töhfə verdiyini bildiriblər.
Çıxışlardan sonra AzƏOK-un 20 illik fəaliyyətindən bəhs edən "Azərbaycanda Ədalətli Oyunlar-20 il” kitabı və təşkilatın yeni loqosu təqdim olunub.