Karateçilərimiz nüfuzlu turnirdə mübarizə aparırlar

Karateçilərimiz nüfuzlu turnirdə mübarizə aparırlar


Azərbaycan karateçiləri fevralın 15-də Dubayda start götürən mövsümün ikinci Premyer Liqa turnirində mübarizəyə qoşulublar.
Dünya Karate Federasiyasının (WKF) Karate 1 seriyasından olan nüfuzlu turnirdə 19 idmançımız mübarizə aparır.
Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə kumite üzrə milli komandanın baş məşqçisi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyev, kata seçməsinin baş məşqçisi Vahid Ayvazov, o cümlədən beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Hüseynov yer alıblar.
Karateçilərimizdən Firdovsi Fərzəliyev (67 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (67 kq), Rafael Ağayev (75 kq), Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55 kq), o cümlədən İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata milli komandası turnirin birinci günündə mübarizəyə başlayacaqlar.
Turnirin ikinci günündə isə Ayxan Mamayev, Pənah Allahverdiyev və Turqut Həsənov (84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (+84 kq) və Roman Heydərov (kata) tatamiyə çıxacaqlar.
Fevralın 17-dək davam edəcək Dubay Premyer Liqasında 86 ölkədən 737 karateçi iştirak edir.