Nurlana Məmmədzadə: “Əldə olunan uğurlar federasiya rəhbərliyinin səmərəli fəaliyyətinin nəticəsidir”

Nurlana Məmmədzadə: “Əldə olunan uğurlar federasiya rəhbərliyinin səmərəli fəaliyyətinin nəticəsidir”

Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə ölkədə gimnastikanın inkişafı və kütləviliyi, AGF-nin paytaxtımızda keçirilən beynəlxalq tədbirlərə ev sahibliyi, idmançılarımızın qazandıqları uğur və nailiyyətlərlə bağlı fikirlərini "Olimpiya dünyası” qəzeti ilə bölüşdü.


- Nurlana xanım, necə düşünürsünüz, Azərbaycan Gimnastika Federasiyası 2002-ci ildə qarşıya qoyduğu məqsəd və vəzifələrə nail olubmu?

- Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra ölkəmizdə gimnastikanın bütün növlərinin inkişaf dövrü başladı. Ölkəmiz bir-birinin ardınca gimnastikanın müxtəlif növləri üzrə Dünya kuboku yarışlarına, dünya və Avropa çempionatlarına ev sahibliyi etdi.
İnkişaf dövrünün ilk illərində gimnastikanın yalnız 3 növü- bədii gimnastika, akrobatika və kişi idman gimnastikası üzrə məşqlər keçirilirdi. Hazırda gimnastikanın Beynəlxalq Gimnastika Federasiyasının (FİG) fəaliyyətinə daxil olan 6 yarış növü ölkəmizdə uğurla inkişaf etdirilir. Azərbaycanın ev sahibliyi etdiyi Bakı-2015 birinci Avropa Oyunlarında bu 6 növün proqramda yer alması yeni inkişaf mərhələsinin başlanğıcı demək idi. 2013-cü ilin sonundan etibarən ölkəmizdə batut, qadın idman gimnastikası və aerobika gimnastikası inkişaf etdirilir. 2016-cı ildən etibarən FİG-lə razılaşma əsasında 2017-2020-ci Olimpiya dövrü ərzində AGF gimnastikanın Olimpiya növləri üzrə hər il Dünya kuboku yarışlarına ev sahibliyi edir. FİG-nin qaydalarına əsasən, bu yarışlar Tokio-2020 Olimpiadasına lisenziya verir. Rəhbərliyin düzgün qərarları və siyasəti sayəsində AGF 5 il ardıcıl olaraq beynəlxalq reytinqdə 10 ən yaxşı federasiya sırasına daxil olub. 2017 və 2018-ci illərin nəticələrinə əsasən, reytinqdə 1-ci yerdə qərarlaşıb.
Əldə olunan uğurlar, qazanılan nailiyyətlər AGF-nin rəhbərliyinin səmərəli fəaliyyətinin bəhrəsidir. Mehriban, səmimi və işgüzar kollektivlə uğurlar əldə etmək daha asandır.


3 Dünya kuboku,
2 Avropa çempionatı,
1 dünya çempionatı

- AGF cari ilin ilk aylarında bir çox mötəbər yarışlara ev sahibliyi etdi. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- 2019-cu ilə batut gimnastikası və tamplinq üzrə FİG Dünya kuboku yarışları ilə start verdik. Mart ayında idman gimnastikası, aprel ayında isə bədii gimnastika üzrə FİG Dünya kuboku yarışları keçirildi. May ayında isə iki Avropa çempionatına ev sahibliyi etdik. Bədii gimnastlar XXXV, aerobika ustaları XI Avropa çempionatında mübarizə apardılar. Sentyabr ayında isə AGF-ni bədii gimnastika üzrə 37-ci dünya çempionatına ev sahibliyi gözləyir.
Dünya kuboku yarışlarına və Avropa çempionatına hazırlıqlar yüksək səviyyədə aparılırdı. Bir çox komandaların nümayəndə heyətləri yarışdan əvvəl Bakıya gəlmişdilər və təlim-məşq toplanışlarında birgə iştirak edirdilər. Birgə təlim-məşq toplanışları təcrübə mübadiləsinin aparılması baxımından çox əhəmiyyətlidir. Ölkəmizdə təşkil edilən beynəlxalq yarışlarda iştirakçı ölkələrin sayının çox olması yüksək təşkilatçılıq səviyyəsinin, eləcə də, MGA-nın bütün tələblərə cavab verməsinin bir göstəricisidir.

- Akrobatlarımızın II Avropa Oyunlarında çıxışı ilə bağlı nə demək istərdiniz?
- Azərbaycanı Minskdə 12 gimnastımız təmsil edirdi. Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyü yarışları 2 gümüş və 1 bürünc medalla başa vurdu. Gimnastlarımızın bu uğuru bizi çox sevindirir. Qarışıq cütlüyümüz bundan əvvəlki yarışlarda da dəfələrlə fərqlənib. Xatırladım ki, 2009-cu ildə akrobatika üzrə qadın cütlüyümüz Avropa çempionatının qalibi olub.

- Avropa Gənclər XV Olimpiya Festivalında gimnastlarımızın çıxışları haqqında nə deyə bilərsiniz?
- Azərbaycan gimnastları öz uğurları ilə bizi sevindirməkdə davam edirlər. İdmançılarımız Minskdə keçirilən II Avropa Oyunlarında və XXX Ümumdünya Yay Universiadasında gözəl qələbələr əldə etdilər. XV Olimpiya Festivalında da yaxşı nəticələr qazandıq. Gimnastımız Səməd Məmmədli gümüş medala layiq görüldü.


"Federasiyamız gərgin
iş rejimində işləyir”

- Dünya çempionatına hazırlıqlar necə gedir?
- Bədii gimnastika üzrə dünya çempionatı ölkəmizdə artıq ikinci dəfədir ki, keçirilir. 14 ildən sonra yenidən sentyabr ayının 16-22-də dünyanın tanınmış gimnastika ustaları Bakıya qonaq gələcək. Keçən dövr ərzində çox böyük irəliləyişlər olub. Bakıda güclü bədii gimnastika məktəbi yaranıb. Hansı ki, bu məktəbin yetirmələri beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil edirlər. Qeyd etməyə dəyər ki, bu yaxınlarda Rusiyanın paytaxtı Moskvada keçirilmiş gənclər arasında ilk Dünya çempionatında bədii gimnastımız Arzu Cəlilova 1 bürünc və 1 gümüş medal qazanaraq, böyük uğura imza atdı. Bakıda baş tutacaq mötəbər yarışa da çox ciddi hazırlaşırıq. Bunun üçün FİG və AGF arasında əməkdaşlıq çərçivəsində yerli təşkilat komitəsi fəaliyyət göstərir. Federasiyamız gərgin iş rejimində işləyir. Çalışacağıq ki, bu dəfə də qonaqlar bizdən razı qalsınlar.

- Federasiya yerli məşqçilərin və hakimlərin biliklərinin artırılması üçün hansı işləri görür?
- AGF yüksək səviyyəli beynəlxalq turnirlərə ev sahibliyi etməklə yanaşı, həm də yerli məşqçilər və hakimlərin biliklərinin artırılması istiqamətində mühüm işlər görür. Belə ki, onlar üçün seminarlar təşkil olunur, kurslar keçilir. Xarici ölkələrdən dəvət olunmuş mütəxəssislərin məruzələri dinlənilir. Kursun sonunda sertifikatlar təqdim olunur. Biz bu gün fəxrlə deyə bilərik ki, bədii gimnastikada 17 beynəlxalq dərəcəli hakimimiz vardır ki, onların əksəriyyəti gənclərdir. Halbuki 15 il bundan əvvəl onların sayı az idi. Demək istəyirəm ki, hər bir sahədə uğurun, inkişafın əsasında rəhbərliyin səmərəli, işgüzar fəaliyyəti, kompleks və sistemli iş dayanır. Uğurlar həm də kollektiv əməyin məhsuludur.

- Əvvəlki illərlə müqayisədə yığmada yerli gimnastların sayı xeyli artıb?
- İnkişafının ilk dövrlərində yığma komandalarda legioner idmançılar var idi. İlk dövrlərdə nəinki idmançı, həm də məşqçi, ümumiyyətlə, mütəxəssis problemi var idi. Hazırda bir vaxtlar peşəkar idmanla məşğul olan bədii gimnastlarımız var ki, indi məşqçi kimi fəaliyyət göstərirlər. Çalışırıq ki, yerli məşqçilərin sayı batut, idman gimnastikası sahəsində də artsın. Bunun üçün təbii ki, zamana ehtiyac var.

- Regionlarda gimnastikanın inkişafı istiqamətində hansı işlər görülür?
- Regionlarda bədii gimnastika üzrə artıq 19 bölməmiz fəaliyyət göstərir. Gənc məşqçilərin çoxu karyeralarını elə bölgələrdən başlayıblar. Regionlarda gimnastikanın inkişafını və kütləviliyini təmin etmək üçün bölgələrarası kubok yarışları təşkil olunur. Bu yarışlar, həm də gələcəkdə yığma komandaya istedadlı idmançıların seçim prosesində əhəmiyyətli rol oynayır. Mingəçevirdə, İsmayıllıda və Qusarda ölkə birinciliyinin təşkilini həyata keçirmişik.

- Qarşıda sizi daha hansı yarışlar gözləyir?
- Payızda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatına hazırlaşırıq. 2020-ci ildə ölkəmizdə lisenziya xarakterli kişi idman gimnastikası üzrə Avropa çempionatı təşkil olunacaq. Daha sonra ilk dəfə aerobika üzrə dünya çempionatına ev sahibliyi edəcəyik. Daha bir dünya çempionatını 2021-ci ildə qəbul edəcəyik. Bu dəfə batutçular ölkəmizə qonaq gələcəklər. İnanırıq ki, həmişə olduğu kimi, bu yarışları da uğurla başa vuracağıq.

Səadət Hakıyeva