Qran-pri çərçivəsində hərrac keçiriləcək

Qran-pri çərçivəsində hərrac keçiriləcək

Şənbə günü axşam Əbu-Dabinin Yas-Marina avtodromunun start meydançasında "Sotheby’s” Hərrac Evinin Formula 1 sahibləri ilə birgə təşkil etdiyi hərrac keçiriləcək.
Cümə günü yarışların azarkeşləri və iştirakçıları bütün lotları, o cümlədən 3 ədəd Formula 1 maşınını nəzərdən keçirə biləcəklər. Əsas lot altıqat dünya çempionu Mixael Şumaxerin "Ferrari” markalı F2002 bolidi olacaq. 2002-ci il mövsümündə üç mərhələdə iştirak etmiş bu maşının təklif olunan qiyməti 5 milyon 500 mindən 7 milyon 500 min dollara qədərdir.
Şumaxerin daha bir maşını o qədər də bahalı deyil. "Benetton B192” bolidinin qiyməti 825 mindən 1 milyon 100 min dollaradəkdir.
Patrik Tambenin 1982-ci ildə Almaniya Qran-Prisini qazandığı "Ferrari 126 C2” maşınının qorunub saxlanılmış yeganə versiyası 2 milyondan 2 milyon 500 min dollaradək qiymətləndirilir.
Sadalanan bolidlərdən başqa, hərracda daha 10 ədəd idman maşını və avtomobil idmanının tarixini əks etdirən çoxlu sayda əşyalar satılacaq. Hərracın kataloqu Hərrac Evinin saytında yerləşdirilib.