İstanbulda Türk Şurasının üçüncü Gənclər Festivalının rəsmi açılış mərasimi keçirilib

İstanbulda Türk Şurasının üçüncü Gənclər Festivalının rəsmi açılış mərasimi keçirilib
 
 
Dekabrın 3-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üçüncü Gənclər Festivalının rəsmi açılış mərasimi keçirilib. Festivalda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan nümayəndə heyətləri iştirak edirlər. Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan tədbirdə çıxış edərək türkdilli xalqlar arasında yaxınlığın əsasını təşkil edən amillərdən birinin mədəni münasibətlər olduğunu bildirib. Burada gənclərin böyük rol oynadığını deyən sədr bu səbəbdən gənclər arasındakı münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, bu münasibətlər türkdilli dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcək. Bu baxımdan belə festivalların əhəmiyyətini vurğulayan B.Ərdoğan rəhbəri olduğu Dünya Etnoidman Konfederasiyasının təbliğ etdiyi milli idman növlərinin də gənclərin yaxınlaşmasında mühüm rol oynadığını deyib. O, türkdilli xalqların milli idman növlərinin inkişaf etdirilməsinin vacibliyini bildirib. Festivalda türkdilli dövlətlərin gənclər təşkilatlarının nümayəndələri təmsil etdikləri ölkələrdə həyata keçirilən gənclər siyasəti və bu sahədə əldə olunan nailiyyətlər barədə məlumat veriblər. Tədbirdə ölkəmizi Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Türk Şurası Gənclik Platformasının sədri Mirhəsən Seyidov festivalda "Azərbaycan Respublikasının gənclər siyasəti” mövzusunda geniş məruzə ilə çıxış edib. M.Seyidov məruzəsində Azərbaycan dövlətinin gənclərə yüksək diqqət və qayğısından söz açıb. O, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Tədbir dekabrın 6-dək davam edəcək. Xatırladaq ki, Türk Şurasının birinci Gənclər Festivalı 2016-cı ilin sentyabrında Gəncədə keçirilib.