Ölkə çempionatında ikinci dövrə başa çatdı

Ölkə çempionatında ikinci dövrə başa çatdı
 
Kişi həndbolçuların Azərbaycan çempionatında doqquzuncu turun oyunları keçirilib. İkinci dövrənin sonuncu turunda əvvəlcə "Məhsul” və U-18 komandaları meydançaya çıxıblar. Çempionatın lideri autsayderlə oyunda çətinlik çəkmədən qələbə qazanıb. Səviyyə fərqinin açıq-aşkar nəzərə çarpdığı görüş "Məhsul”un 42:24 hesablı qələbəsi ilə nəticələnib.
Günün digər qarşılaşması da eyni ssenari ilə yadda qalıb. Çempionluq uğrunda mübarizə aparan "Bakı” "Təhsil”lə oyunun şəksiz favoriti olduğunu hesabda əks etdirib. Nominal ev sahibi çox çalışsa da ağır məğlubiyyətdən yaxa qurtara bilməyib – 18:33.
Növbəti qələbəsini qazanan "Məhsul” 16 xalla ikinci dövrəni lider kimi başa vurub. "Bakı” ondan iki xal geridədir. Üçüncü pillənin sahibi "Təhsil”in aktivində 3 xal var. U-18 isə 1 xalla yarış cədvəlinin autsayderidir.
Bu qarşılaşmalardan sonra ölkə çempionatında gələn ilin martınadək fasilə yaranacaq.
Yanvarın 11-də isə Azərbaycan kuboku uğrunda turnirin oyunları olacaq. Həmin gün "Məhsul” "Təhsil” ilə, "Bakı” isə U-18 komandası ilə üz-üzə gələcək.