Astaralı idmançılardan böyük uğur

Astaralı idmançılardan böyük uğur
Bakı şəhərindəki "Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən Prezident Kuboku uğrunda Beynəlxalq Döyüş Sənəti Festivalında astaralı idmançılar yüksək nəticələr qazanıblar.
Festivalda on bir ölkəni təmsil edən 900 nəfərdən çox idmançı mübarizə aparıb. İdmançılar freefightinq, alpaqut, muay-tay, uşu-sanda, İTF-taekvondo, S-1 peşəkar liqası, vin-çun, real aykido, kyuksin, ciu-citsu idman növlərində qüvvə və bacarıqlarını sınayıblar.
Yarışda Azərbaycan yığma komandasının tərkibində çıxış edən astaralı idmançılardan 4 nəfəri freefightinq idman növü üzrə keçirilən yarışlarda fəxri yerlərə sahib olublar.
18 yaşdan yuxarı idmançılar arasında keçirilən yarışda astaralı idmançılar Zamin Baxşiyev (71kq) və Şəhriyar Əsgərov (80 kq) birinci, Şahlar Rzazadə (65kq) üçüncü, 2008-2009-cu il təvəllüdlü idmançılar arasında isə Mirzə Əliyev (32 kq) ikinci yeri tutub.
İdmançıları yarışa Budo Döyüş Növləri üzrə məşqçi, VI dan Qara kəmər ustası Ramiq Rəhmanov, VKC Karate üzrə məşqçi, III dan Qara kəmər ustası zamin Baxşiyev hazırlayıblar.
Dekabrın 24-də Astara Rayon Gənclər və İdman İdarəsində Beynəlxalq Döyüş Sənəti Festivalında uğur qazanmış idmançılar və onların məşqçiləri ilə görüş keçirilib.
İdarənin rəisi Ərçə Əliyev beynəlxalq idman yarışında yüksək nəticələr qazanmış idmançıları, onların məşqçilərini və valideynlərini təbrik edərək onlara gələcək yarışlarda da uğurlar arzulayıb.