Macarıstanda bolidlər azarkeşsiz şütüyəcək

Macarıstanda bolidlər azarkeşsiz şütüyəcək

Macarıstan hökuməti ölkə ərazisində 500–dən çox insanın iştirakı ilə kütləvi tədbirlərin keçirilməsini bir gün əvvəl qadağan edib. Faktiki olaraq bu, o deməkdir ki, avqustun 2-nə nəzərdə tutulan Formula 1 Macarıstan Qran-Prisini yalnız boş tribunalarla keçirmək olar. Macarıstan mərhələsinin promouterləri bəyanatla çıxış edərək, Hunqarorinq yürüşünün tamaşaçısız keçiriləcəyini təsdiq ediblər.

Bəyanatda deyilir: "Macarıstan Qran-Prisinin təşkilatçıları Formula 1-in kommersiya hüquqlarının sahibləri ilə daim əlaqə saxlayaraq, 35-ci Macarıstan Qran-Prisinin azarkeşlərin iştirakı ilə keçirilməsinin bütün mümkün variantlarını öyrənib. Lakin hökumətin qərarı belə variantı istisna edib.

Azarkeşlərin, avtodrom əməkdaşlarının və çempionatın iştirakçılarının sağlamlığı və rifahı bu çətin dövrdə bizim başlıca prioritetimiz olaraq qalır. Biz Formula 1-in avqust ayında Hunqarorinqdə keçirilməsinin təhlükəsiz yolunu tapmaq üçün daim səy göstərmişik. İndi aydındır ki, Macarıstanda hər hansı yürüş yalnız boş tribunaların müşayiəti keçirilə bilər.

Bu, ideal ssenari deyil, lakin biz hesab edirik ki, yürüşü azarkeşsiz keçirmək ümumiyyətlə keçirməməkdən daha yaxşıdır. Azarkeşlər yürüşə televizorda da tamaşa edə bilərlər. Bu, təminat verir ki, bütün dünyada milyonlarla tamaşaçı teleyayım sayəsində Macarıstan Qran-Prisini görəcək. Biz bunu mümkün etmək üçün Formula 1 ilə işləməyə davam edirik".

Mərhələnin promouterləri hesab edirlər ki, kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulması bu il yürüşün keçirilməsinə mane olmayacaq. Odur ki, hökumət strukturları ilə birlikdə mərhələnin təşkili məsələlərini müzakirə edirlər.